"Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan işlər Azərbaycanın ümumi iqtisadi inkişafının ayrılmaz tərkib hissəsidir. Çünki bu ərazilərdə illər ərzində Ermənistan tərəfindən talan edilmiş, yeraltı və yerüstü sərvətlərimiz dağıdılıb. Halbuki bu bölgələr çox böyük iqtisadi potensiala malikdir".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O, bildirib ki, eyni zamanda, həmin ərazilərdə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, xaricdən ola biləcək hər hansı müdaxilənin qarşısının alınması üçün ciddi müdafiə infrastrukturlarının və strukturlarının yaradılmasına ehtiyac var:
"Aydın məsələdir ki, bu bölgələrin, xüsusilə də təbii enerji və yaşıl enerji ehtiyatları strateji baxımdan olduqca qiymətlidir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının reallaşdırılmasına təkcə Azərbaycan dövləti deyil, bir sıra xarici ölkələr də maraq göstərir. Artıq bir neçə dövlətin investisiyaları bu ərazilərdə fəal şəkildə özünü göstərir. Xüsusilə Ərəb ölkələrinin, bəzi Avropa dövlətlərinin və Türkiyənin investisiyaları yaşıl və bərpa olunan enerji sektorunun inkişafına ciddi töhfə verir".
Ekspert bildirib ki, bu ərazilərin məskunlaşdırılması işğaldan sonrakı qayıdış proqramının ən mühüm tərkib hissələrindən biridir:
"Məskunlaşdırma bölgənin daimi əhalisinin və ümumi demoqrafik tərkibinin yenidən bərpa olunması, hətta əvvəlkindən də daha müasir formaya gətirilməsi deməkdir. Artıq həmin ərazilərdə çoxsaylı kəndlərin, müasir yaşayış məntəqələrinin, evlərin, infrastruktur obyektlərinin, məktəblərin və xəstəxanaların tikildiyinin şahidi oluruq. Bütün bunlar Azərbaycan dövlətinin qısa müddətdə nə qədər böyük işlər görməyə qadir olduğunu və dövlətin gücünü bir daha nümayiş etdirir".
Onun sözlərinə görə, bu ərazilərə xarici ölkələrdən qonaqlar, turistlər və rəsmi şəxslər səfər edirlər:
"Onlar işğaldan azad edilmiş bölgələrin ildırım sürətilə bərpa olunmasının və Azərbaycan dövlətinin bu prosesə necə xüsusi yanaşdığının yerində şahidi olurlar. Bu ərazilərin bərpası, infrastrukturun qurulması və yeni obyektlərin yaradılması bölgənin uzunmüddətli və dayanıqlı inkişafı üçün əsas şərtlərdən biri olacaq".
Əfsanə Kamal Demokrat.az


