Hadisə Özəl

Şəmkirdə ər arvadını döydü — TƏFƏRRÜAT

Şəmkirdə ər arvadını döydü — TƏFƏRRÜAT

Şəmkir rayonunda 1972-ci il təvəllüdlü Ramil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mahirəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2025-ci ilin avqustun 20-də rayonun Qapanlı kəndində baş verib.

Ramil həmin gün saat 23 radələrində arvadının yemək hazırlamaması səbəbindən aralarında yaranmış münaqişə zamanı onun sifət nahiyəsindən qəsdən əli ilə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, Mahirə ilə təxminən 17 il əvvəl rəsmi olaraq ailə həyatı qurub, birgə nikahdan dörd övladı var:

“Əvvəllər aramızda heç bir ədavət, düşmənçilik olmayıb, münasibətlərimiz normal olub. Amma münasibətlərimiz sonradan pisləşməyə başladı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 20-də, saat 23 radələrində işdən yaşadığı evə gəlib:

“Həmin vaxt işdən ac gəldim. Yeməyin hazır olmadığını gördüm. Mahirədən yemək hazırlamamasının səbəbini soruşdum. O, isə mənə nalayiq ifadələr işlətdiyi üçün aramızda mübahisə oldu. Mübahisə zamanı əsəbləşərək yumruqla arvadımın sifət nahiyəsinə vurdum. Mahirə isə yaşadığımız evi tərk edərək anasının yaşadığı evə getdi. Əməlimdən peşmanam, zərərçəkmiş şəxslə barışmışıq”.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Ramil 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Təqsirləndirilən şəxsə Şəmkir rayonunun hüdudlarını tərk etməsi, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsi qadağan olunub.

Bundan başqa, cəzaçəkmə müddəti ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.

Əlavə olaraq məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova