Sosial Özəl

Onlayn işləyənlər bunları bilməlidir — AÇIQLAMA

Onlayn işləyənlər bunları bilməlidir — AÇIQLAMA

"Məsafədən iş Əmək Məcəlləsində rəsmi əmək münasibətləri forması kimi tanınacağı üçün belə çalışan işçilərin bütün əsas əmək hüquqları, iş vaxtı, əməkhaqqı, sosial sığorta və məzuniyyət təminatları əvvəlki kimi tam qorunmalıdır. Burada sadəcə işin icra edildiyi məkan dəyişir, işçinin hüquq və təminatları isə dəyişməz qalır".

Bunu Demokrat.az-a açıqlamasında vəkil Hüseyn İsmayılov deyib.

O bildirib ki, məsafədən iş mexanizminin effektiv və şəffaf işləməsi üçün bəzi məsələlər əmək müqaviləsində xüsusi qaydada tənzimlənməlidir:

"Məsələn, iş vaxtının necə hesablanacağı və fasilələrin hansı qaydada tətbiq olunacağı dəqiq müəyyən edilməlidir. Bir çox ölkələrdə onlayn çalışan əməkdaşların kompüterlərinə quraşdırılan xüsusi sayğaclar vasitəsilə iş vaxtının ölçülməsi artıq geniş praktikadır və bu yanaşma şəffaflığı artırır.

Bundan əlavə, işçinin uzaqdan işləməsi üçün tələb olunan avadanlığın, kompüter, proqram təminatı və digər vasitələrin kim tərəfindən təqdim ediləcəyi də müqavilədə açıq şəkildə göstərilməlidir".

Vəkil qeyd edib ki, məlumatların təhlükəsizliyi isə məsafədən iş modelində ən kritik məsələlərdən biridir:

"İşçi evdən və ya fərqli məkandan işlədiyi üçün şirkət məlumatlarının məxfiliyinin qorunması məqsədilə müəyyən texniki və hüquqi tələblərin müəyyən edilməsi zəruridir. Bu məsələlərin hər biri əmək müqaviləsində dəqiqliklə tənzimləndiyi halda, həm işçinin, həm də işəgötürənin maraqları balanslı şəkildə qoruna bilər, eyni zamanda məsafədən iş münasibətləri hüquqi baxımdan sabit və etibarlı olar".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova