Hadisə Özəl

Sabunçuda 38 yaşlı kişi ögey bacısına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sabunçuda 38 yaşlı kişi ögey bacısına xəsarət yetirdi — TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 38 yaşlı kişi ögey bacısına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə onların birgə yaşadıqları evdə baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Mais ögey bacısı Qərənfil (adlar şərtidir – red.) ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində baş vermiş mübahisə zamanı əli ilə onun üz və baş, tozsoranın tutacağı ilə isə hər iki əl və bel nahiyyələrindən vurub.

Hadisəni törədən Maisin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Mais ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, hadisə baş verən ünvanda ailəsi ilə birlikdə yaşayıb, ögey bacısı Qərənfil də onlarla birlikdə yaşayıb:

“Mütəmadi olmasa da bəzən aramızda müxtəlif səbəblərdən mübahisələr yaşanıb. Hadisə günü saat 21 radələrində Qərənfil işdən evə gəldi. Anam ev işləri görsə də, Qərənfil ona kömək etmədi. Həmin gün təxminən saat 23 radələrində yaşadığımız evdə olarkən nəyə görə anama ev işlərində kömək etmədiyini dedim, ona iradlar bildirməyə başladım. Lakin Qərənfil sözlərimə məhəl qoymayaraq yataq otağına keçdi. Həmin otağa girdim və dolabdan mənim üçün köynək axtarmasını istədim. Qərənfil mənimlə kobud danışmağa başladı və aramızda mübahisə yarandı.

Mübahisə zamanı qəzəblənərək əli ilə onun üz və baş nahiyələrindən bir neçə dəfə zərbələr vurdum. Daha sonra isə tozsoranın tutacağını götürərək onun əllərindən və belindən də bir neçə dəfə zərbələr vurdum. Sonra otağı tərk etdim”.

Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən də qadın qardaşını bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az