“Ermənistanın konstitusiyasına dəyişiklik edilmədən də Azərbaycanla sülh müqaviləsinin imzalanması nəzəri cəhətdən mümkündür”.
Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, sənəd üçün əvvəlcədən konstitusiya dəyişikliyi şərt deyil:
“ Bu, Ermənistanın sülh prosesini gecikdirmədən imzaya çıxarmaq istədiyini göstərir. Lakin sənəddə ərazi bütövlüyünün birmənalı tanınması konstitusiya ilə ziddiyyət yaradarsa, müqavilənin ratifikasiyası çətinləşə bilər. Azərbaycan tərəfi gələcək riskləri aradan qaldırmaq üçün konstitusiyadakı maddələrin dəyişdirilməsini daha etibarlı variant hesab edir. Çünki bu dəyişiklik olmadan sülh kağız üzərində qalsa da, bir müddət sonra yenidən mübahisə yarana bilər. İki ölkənin mövqeləri arasında incə fərq var: Ermənistan imzanı tezləşdirmək istəyir, Azərbaycan isə dayanıqlı sülh üçün zəmanət tələb edir. Əgər tərəflər kompromis tapsa, dəyişikliksiz də sənəd imzalana bilər. Amma bu ssenari gələcəkdə etimad böhranına yol aça bilər. Konstitusiya dəyişikliyi isə həm referendum, həm ictimai müzakirə, həm də siyasi razılıq tələb edir. Bu səbəbdən proses həm vaxt apara, həm də daxildə narazılıqlar yarada bilər. Üstəlik, Ermənistan cəmiyyətinin bir hissəsi hələ də bu dəyişikliyə hazır görünmür. İmzalanma baş versə belə, sənədin uzunmüddətli işləməsi üçün ictimai rəy və siyasi iradə mühüm rol oynayacaq. Sülh yalnız imza ilə yox, həm də qarşılıqlı etimadla möhkəmlənə bilər. Ona görə real nəticə yalnız sənəd deyil, sənədin arxasındakı siyasi iradənin gücündən asılı olacaq”.
Leyla Turan Demokrat.az


