Gündəm Özəl

Yeniyetmələr arasında zorakılıq halları ARTIR — Psixoloq AÇIQLADI

Yeniyetmələr arasında zorakılıq halları ARTIR — Psixoloq AÇIQLADI

"Yeniyetməlik dövrü 11–17 yaş aralığını əhatə edir və bu mərhələdə uşağın xarakteri intensiv şəkildə formalaşır. Beynin emosiyalara cavabdeh hissəsi olan amigdala yeniyetməlik zamanı çox sürətlə inkişaf edir, lakin məntiqi düşüncə, planlaşdırma və özünə nəzarəti formalaşdıran prefrontal korteks 25 yaşa qədər tam yetkinləşmir. Bu səbəbdən yeniyetmələr çox vaxt əvvəl emosional reaksiyaya girir, sonra düşünürlər və onların davranışları bəzən düşünülməmiş və ya qeyri-adekvat görünür".

Bunu Demokrat.az-a açıqlamasında uşaq psixoloqu Sibel Piriyeva deyib.

Mütəxəssis bildirib ki, bıçaq və digər soyuq silahlardan istifadə halları da məhz bu beynin inkişaf mexanizmi ilə bağlıdır:

"Əgər uşaqlıqdan mövcud olan davranış pozuntuları vaxtında korreksiya olunmazsa, gələcəkdə antisosial şəxsiyyət pozuntusuna çevrilə bilər. Empatiyası zəif olan bu şəxslər başqasına zərər verməyi adi hal kimi qəbul edir, emosional reaksiyaları isə çox zaman laqeyd və soyuq olur. Narsist və borderline şəxsiyyət pozuntularında da oxşar empatiya çatışmazlığı müşahidə olunur".

O, bildirib ki, bu problemlərin kökündə çox vaxt ailə mühiti dayanır:

"Sağlam ailə dəyərlərinin olmaması, valideynlərin bir-birinə və uşağa münasibətindəki qeyri-sabitlik, uşaqlıq travmaları davranış problemlərinin yaranmasına gətirib çıxarır. Psixoloqlar ailə dəyərlərinin formalaşmasını uşağın sərhədləri qoruya bilməsi və sağlam şəxsiyyət kimi inkişaf etməsi üçün əsas şərt hesab edirlər".

Onun sözlərinə görə, məktəblərdə psixoloqlar uşaqlarla psixoloji testlər aparır, valideynləri ilə görüşür, aqressiya meyilli uşaqları müəyyənləşdirir və onların davranışlarını izləyirlər:

"Ən effektiv profilaktika ailə psixologiyasının gücləndirilməsidir. Boşanmaların azalması, sağlam nəslin yetişməsi və yeniyetmələrin sağlam şəxsiyyət olaraq formalaşması üçün ailələrə dövlət səviyyəsində psixoloji dəstək verilməlidir".

Qeyd edək ki, son günlərdə Yasamalda törədilən qətl son 10 gün ərzində yeniyetmə tərəfindən törədilən növbəti ağır cinayətdir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova