Kriminal Özəl

Toyda qanlı insident: Anlaqsız vəziyyətdə olan gənc həmkəndlisini bıçaqladı

Toyda qanlı insident: Anlaqsız vəziyyətdə olan gənc həmkəndlisini bıçaqladı

Astarada toy məclisində dava olub, anlaqsız vəziyyətdə olan gənc həmkəndlisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 12-də Astara rayonu, Siyakü kəndində yerləşən “Qismət” restoranında baş verib.

Restoranda keçirilən toy şənliyi zamanı 2002-ci il təvəllüdlü Elvan həmkəndlisi Elməddini izləyib, onun arxasıyca düşərək, restoranın ikinci mərtəbəsində heç bir əsaslı səbəb olmadan mətbəx bıçağı ilə bud və boyun nahiyələrinin hər birinə 2 dəfə zərbə vurub.

Hadisəni törədən Elvanın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad olunub. Ona Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs ikinci Qarabağ müharibəsində iştirakına görə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova