Kürdəmir rayonunda keçmiş hərbi qulluqçu Damət Hacıbala oğlu işə düzəltmək adı ilə qadına qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, 1985-ci il təvəllüdlü Salyan rayon sakini etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Kürdəmir rayonu Ərşəli kəndində qeydiyyatda olan Zeynəbin etibarından sui-istifadə edib və onun nəvəsi İsanı Laçın rayonunda yerləşən hərbi hissələrin birinə hərbçi kimi işə düzəltmək imkanında olduğuna inandırıb.
Damət qadında özünə qarşı inam yaratdıqdan sonra Bakı şəhərində ondan 2023-cü ilin dekabr ayında 2000 manat, eyni niyyətlə 2024-cü ildə kartına köçürtdürməklə 402 manat və 2024-cü ilin mart ayının sonlarında 600 manatını alıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildən 2023-cü ilə kimi müddət ərzində Sumqayıt Hərbi Polisində, daha sonra Hadrut Hərbi Polisində potrul nəfəri vəzifəsində işləyib: “Zərərçəkmiş Zeynəbi təxminən 2-3 ildir ki, tanıyıram. Onunla qızı Məhluqə vasitəsi ilə tanış olmuşam. Əvvəllər sosial şəbəkə vasitəsi ilə heyvan alveri ilə məşğul olmuşam. dur. Zeynəbin qızı Məhluqə mənimlə sosial şəbəkə vasitəsi ilə əlaqə yaratdı və məndən 50-60 ədəd ördək aldı. Daha sonra Zeynəb nəvəsi İsanı işə düzəltməsini məndən xahiş etdi. Mən də düzəldə biləcəyimə söz verdim. Mənim kartıma 402 manat və 600 manat pul atılıb. Ondan əlbəəl 2000 manat da almaqla, ümumlikdə 3002 manat pul almışam. Mənim fikrim aldatmaq olmayıb. Zeynəbdən əldə etdiyim pulları öz tələbatıma xərcləmişəm”.
Bu işə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkəndən aldığı pulu geri qaytarıb və zərərçəkən ondan şikayətçi olmayıb.
Bu səbəbdən də Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirləındirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalından həbsdən azad edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs bundan əvvəl 2023-cü ildə Füzuli Hərbi Məhkəməsində mühakimə edilib. O, Cinayət Məcəlləsinin 333.4-1 və 62-ci maddələri təqsirli bilinib, 5 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


