Abşeron rayonunda 33 yaşlı kişi sosial şəbəkə istifadə edən həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin avqustun 29-da baş verib. Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Asif həmin gün gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Tahirənin (adlar şərtidir – red.) onun dediklərinə məhəl qoymayaraq mobil cihaz vasitəsi ilə sosial şəbəkələrə daxil olduğunu görüb.
Bundan hiddətlənən ər arvadına sosial şəbəkədən istifadə etməsinə görə, öz iradını bildirib. Tərəflər arasında həmin məsələ ilə bağlı yaranmış narazılıqla bağlı mübahisə baş verib.
Bu zaman Asif arvadının üzərinə hücum edərək əl, yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrinə ardıcıl vurub.
Hadisəni törədən Asifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Tahirə ilə 2021-ci ildə ailə həyatı qurub, birgə nikahdan iki övladı var: “Arvadım ilə əvvəllər münasibətlərimiz yaxşı olsa da, son vaxtlar Tahirəni qısqandığım üçün ona müxtəlif sosial şəbəkələrdən istifadə etməyinə narazılığımı bildirmişəm. Bu səbəbdən münasibətlərimiz pisləşib. Avqustun 29-da, gecə saat 1 radələrində yaşadığım evdə olan zaman Tahirənin mobil telefonda sosial şəbəkədən istifadə etdiyini gördüm, ona yenidən sözlə iradımı bildirdim. Buna görə də aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək Tahirənin üzərinə getdim, yumruq zərbələri ilə onun sifət, qol və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Sonra isə evdən getdim”.
Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən işə baxan hakim onun barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


