Gündəm Özəl

ABŞ-nin Cənubi Qafqaz marağı: TRİPP dəhlizinin açılması nəyə hesablanıb?

ABŞ-nin Cənubi Qafqaz marağı: TRİPP dəhlizinin açılması nəyə hesablanıb?

"Amerika Birləşmiş Ştatları Cənubi Qafqaza marağını artırır. Bu artım təkcə Cənubi Qafqazda deyil, Orta Asiyada da görünür və bunun ən aydın təzahürü Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ və Ermənistan arasında əldə olunan razılaşmadır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

"Razılaşmaya əsasən Zəngəzur dəhlizinə nəzarət Amerika tərəfə verilir və proses icra olunmağa başlayıb. ABŞ-ın bölgədə möhkəmlənməsi uzun müddət davam edən geosiyasi rəqabətin nəticələrinə təsir edəcək. Bu, Rusiyanın bölgədə zəifləyən nüfuzunun yaratdığı boşluğu doldura bilər".

O bildirib ki, ABŞ həmçinin Orta Asiyada əlaqələrini gücləndirmək niyyətindədir və dəhlizin bu hissəsinə nəzarət imkanları genişlənir:

"Bu baxımdan ABŞ-ın Zəngəzur dəhlizində iştirakı region üçün həm maraqlı, həm də faydalı sayıla bilər. Bu proses bölgədə sabitliyə və əməkdaşlığa töhfə verə, gərginlik yaratmaq istəyən qüvvələr üçün çəkindirici rol oynaya bilər.

Zəngəzur dəhlizinin tam işə düşməsi yükdaşımaların həcmini artıracaq və regionun maraqlarına xidmət edəcək. Azərbaycan, Gürcüstan və xüsusilə Ermənistan bu imkanlardan faydalana biləcək və iqtisadi dividendlər əldə edəcəklər.

Azərbaycan və Türkiyənin birbaşa əlaqəsinin güclənməsi, Türkiyənin Azərbaycanın şərq bölgələrinə və Orta Asiyaya çıxış əldə etməsi region üçün əlavə üstünlüklər yaradacaq. İran da bu dəhlizdən istifadə edərək Qara dənizə çıxış imkanları qazanacaq. Mərkəzi Asiya ölkələrinin yükləri buradan Avropaya daşınacaq və bu marşrut Orta Asiyanın Avropaya açılan qapısına çevriləcək.Bu dəhlizin açılması bütün region ölkələrinin maraqlarına uyğun bir proses kimi qiymətləndirilir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova