Hadisə

Suların İstifadəsinə Nəzarət Xidməti: "Yayılmış foto İlqar Məhərrəmova aid deyil” — YENİLƏNİB

Suların İstifadəsinə Nəzarət Xidməti: Yayılmış foto İlqar Məhərrəmova aid deyil” — YENİLƏNİB

Bir sıra Kütləvi İnformasiya Vasitələrində Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etdiyi üçün saxlanılan şəxsin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşı İlqar Məmmədov olduğu barədə məlumatlar yayılıb. Demokrat.az xəbər verir ki, Xidmət bu iddialarla bağlı rəsmi açıqlama yayıb.

Bildirilib ki, media resurslarında xəbər başlıqlarında və paylaşımlarda istifadə olunan foto ümumiyyətlə hadisə ilə əlaqəsi olmayan şəxsin – Xidmətin 10 saylı Gəncə–Daşkəsən Regional Bölməsinin rəisi İlqar Məhərrəmovun fotosudur. Bu foto ilə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunur ki, həmin hadisədə iştirak edən şəxs nə İlqar Məmmədov, nə də İlqar Məhərrəmovdur. Saxlanılan şəxs Goranboy rayonunun Qızılhacılı kənd sakini, 1962-ci il təvəllüdlü, Sudan İstifadə Birliyinin icraçı direktoru A. İsgəndərovdur.

Xidmət media subyektlərinə müraciət edərək, bu kimi məlumatlar dərc olunmazdan əvvəl İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlanılmasını və rəsmi mövqenin dəqiqləşdirilməsini bildirib.

*** 15:05

Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.

Demokrat.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İ.Məmmədov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Z.Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.

İ.Məmmədov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib: “Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Z.Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım”.

İcra başçısının müavini isə qeyd edib ki, İ.Məmmədova digər vətəndaşlarla eyni münasibət göstərilib: “O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi”.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə İ.Məmmədov 6 sutkalıq həbs edilib.

NE
Nihadə Eyyubova