Siyasətin gizli qapıları arxasında razılaşdırılan hansısa mühüm sövdələşmə bəzən bir yemək masasında da bağlana bilər. Bu masadakı bir yeməyin dadı liderlər arasındakı görüşün nəticəsinə təsir edə, diplomatik münasibətlərin istiqamətini dəyişə bilər.
Modern.azsaytı prezident aşpazları və dövlət ziyafətlərindən bəhs edən araşdırma yazısı hazırlayıb.
Dünya liderlərini yalnız müşavirlər, generallar və diplomatlar müşayiət etmir, onların ətrafında görünməz adamlar da olur -prezident aşpazlarıkimi... Prezident saraylarında çalışan aşpazlar milli təhlükəsizlik, protokol, diplomatiya və yüksək kulinariya ustalığını birləşdirən xüsusi mütəxəssislərdir.
Onların hazırladığı süfrə dövlətin imicini, mədəniyyətini və qonaqpərvərliyini təmsil edir. Dövlət rəhbərləri adından xarici qonaqlara açılan süfrələr xüsusi qaydalarla qurulur. Menyudakı hər yemək, hər ədviyyat seçimi və süfrə düzümü bir mesaj daşıya bilər - “Biz kimik və necə ölkəyik”.
Prezident aşpazları təhlükəsizlik, incəlik və yaradıcılıq arasında balans saxlamalıdırlar. Onlar həm sənətkar, həm diplomat, həm də etimad göstərilən adamlardır. Eyni zamanda, həm də dövlət başçısının zövqünə, sağlamlığına və təhlükəsizliyinə cavabdehdirlər.
Araşdırmalara görə, prezident aşpazlarının seçimi uzun və çoxmərhələli prosesdir. Bu seçim zamanı peşəkar təcrübə və bacarıq, milli və beynəlxalq mətbəx bilikləri, psixoloji sabitlik və dözümlülük, gizlilik və etibarlılıq əsas meyarlardır. Aşpazın şəxsi həyatı, əlaqələri və keçmişi də ciddi şəkildə yoxlanılır.

Prezident saraylarının baş aşpazının vəzifələri çox mürəkkəbdir:
- Dövlət başçısı və ailəsi üçün gündəlik menyu hazırlamaq;
- Rəsmi qəbullar, dövlət ziyafətləri və xarici səfərlər üçün xüsusi menyular tərtib etmək;
- Dini və sağlamlıq tələblərini nəzərə almaq (məsələn, pəhrizlər, allergiyalar, halal qaydalar və s.);
- Qonaqların mədəni və diplomatik zövqlərinə uyğun yeməklər hazırlamaq;
- Ərzaqların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək – hər məhsulu ciddi yoxlamadan keçirmək;
- Mətbəx personalını idarə etmək, gigiyena və təhlükəsizlik standartlarına əməl olunmasına nəzarət etmək.
Prezident aşpazının mükəmməl kulinariya bacarığı əsas tələb olsa da, bu kifayət etmir. O, həm də məxfiliyi qorumalı – dövlət başçısının şəxsi həyatına aid heç bir məlumatı sızdırmamalıdır. Təhlükəsizlik qaydalarına sadiq olmalı, protokol xidmətləri ilə birgə işləməyi bacarmaldır.

ABŞ-da prezidentin baş aşpazı diplomatik sima hesab olunur. Ağ Evin baş aşpazı bir növ mətbəx naziri sayılır, o, adətən prezident ailəsinin bütün yeməklərinə, həmçinin rəsmi dövlət ziyafətlərinə cavabdeh olur. Ağ evin ən məşhur aşpazlarından biri Filippin əsilli Kristeta Komerford olub. O, 2005-ci ildən 2024-cü ildə təqaüdə çıxana qədər 4 prezidentə - Corc Buş, Barak Obama, Donald Tramp, Co Baydenə xidmət edib.
Fransada Yelisey sarayının baş aşpazı dövlətin ən prestijli kulinariya vəzifələrindən biridir. Fransa prezidentlərinin mətbəxi dünyanın ən prestijli dövlət mətbəxi sayılır. Quillaum Qomes 2013–2021-ci illərdə Yelisey sarayının baş aşpazı olub. Onun rəhbərliyi altında Yelisey sarayı həm klassik yeməkləri, həm də yeni nəsil qastronomiyanı birləşdirib. Keçmiş baş aşpaz Quillaum Qomes Yelisey sarayında 4 prezidentlə işləyib: Jak Şirak, Nikola Sarkozi, Fransua Olland və Emmanuel Makron. O, 25 il xidmət etdikdən sonra - 2021-ci ildə baş aşpazlıqdan gedib.
Putin xarici qonaqlara hansı yeməkləri təklif edir...
Rusiya prezidentinin aşpazları ciddi təhlükəsizlik yoxlamasından keçən xidmətçilər hesab olunur. Kremlin mətbəxində hər bir məhsul əvvəlcə laborator analizdən keçirilir, çünki zəhərlənmə illərdir real təhlükə kimi qiymətləndirilir.

Kremlin keçmiş baş aşpazı Anatoli Qalkin xatirələrində yazır: “Bizim işimizdə ən mühüm şey prezidentdən əvvəl dadmaq idi. Hər yeməyin nümunəsini əvvəlcə biz yoxlayırdıq”
Açıqlanan məlumata görə, Rusiya prezidenti adından xarici qonaqlara verilən nahar adətən balıq və ya dəniz məhsulları, tərəvəz qəlyanaltıları ilə başlayır. Aşpazlar onları seçərkən qonaqların hər hansı bir allergiyası, dini inancları və digər xüsusi istəklərini nəzərə almağa çalışırlar.
Rus mətbəxinə xas olan şorbalar ilk yeməklər kimi verilir. Məsələn, Putin Moskvada Şimali Koreya lideri Kim Çen Inı balıq şorbasına, Çin prezidenti Si Cinpini isə ördək borşuna qonaq edib.
Kreml mətbəxinin menyusunda xarici qonaqlara xərçəng, nərə balığı və ya qızılbalıq kimi qeyri-adi içlikli köftələr də tez-tez təklif olunur.

2023-cü ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidəki işgüzar naharında aşağıdakı menyudan istifadə olunmuşdu: Hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat; tomat soslu qırmızı kefal balığı; mal ətli xarço supu; göbələk soslu tərəvəzli kefal balığı və qrildə qızardılmış quzu qabırğası. Desert kimi isə prezidentlərə “quş südü” (“ptiçye moloko”) təqdim olunmuşdu.
Türkiyə liderlərinin damaq dadı
Son 30 ildə Türkiyə siyasətində keçmiş prezidentlər Turqut Özaldan tutmuş Süleyman Dəmirələ, keçmiş baş nazir Bülent Ecevitdən prezident Rəcəb Tayyib Ərdoğana qədər bir çox siyasətçilərə yemək bişirən məşhur aşpaz Zəki Açıköz mətbuata müsahibələrinin birində liderlərin damaq zövqlərindən danışıb.

9-cu prezident Süleyman Dəmirəl yeməkdən zövq alsa da, diqqətli yeyən olmayıb. "Dəmirəl İsparta mətbəxini çox sevirdi və yeməklər arasında heç bir fərq qoymurdu", - deyə Zəki Açıqgöz bildirib. O, keçmiş baş nazir Bülent Ecevitin çox da yemək həvəskarı olmadığını, lakin “quru fasulye”ni (bişmiş lobya) çox sevdiyi xatırlayır: "Ecevit bədən quruluşundan da göründüyü kimi, yeməyi sevməzdi, amma quru meyvələrə heç vaxt "yox" deməzdi”.
Zəki Açıgöz bildirib ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan pəhrizinə diqqət yetirən liderdir: "Rizədən olduğu üçün Prezident Ərdoğanın damaq dadı tamamilə Qara dəniz mətbəxinə bağlıdır. Osmanlı mətbəxini və yerli ləzzətləri də sevir. Yayla şorbası və tərəvəz yeməklərini bəyənir. Bununla belə, Ərdoğan nə yediyinə və içdiyinə son dərəcə diqqətlidir".
Zəki Açıközün bişirdiyi yeməklərdən təkcə türk siyasətçiləri deyil, həm də Britaniyanın mərhum Kraliçası Elizabet, ABŞ-ın eks-prezidenti Barak Obama, Rusiya lideri Vladimir Putin kimi dünya liderləri də dadıblar. O, hətta 2008-ci ildə Kraliça Elizabetin Türkiyəyə səfəri zamanı onun üçün türk yeməklərindən ibarət menyu hazırlayıb. Açıqözün sözlərinə görə, kral ailəsi və səfirlik Kraliça üçün Britaniya menyusu tələb edib, lakin Kraliçanın özü türk yeməklərini dadmaqda israr edib: "Biz o vaxt Kraliça Elizabetin pəhrizinə uyğun desert olaraq sütlaç hazırladıq. Kraliça sütlaçı o qədər bəyəndi ki, saray qaydalarına görə, onunla danışmaq qadağan olunsa da, mənimlə söhbət etdi".
Liderlərin nə yeyib-içdiklərinin böyük maraq doğurduğunu nəzərə alan Z.Açıköz jurnalist Özcan Yıldırımla birlikdə "Siyasətin süfrəsi" adlı kitab yazaraq, siyasətçilərin damaq zövqlərini təsvir edib.
Azərbaycan mətbəxi yumşaq və mədəni diplomatiya rolunda...
Azərbaycan dünyanın qastronomik baxımdan ən zəngin ölkələrindən biridir. Bu zənginlik Prezident səviyyəsində keçirilən dövlət ziyafətlərində öz ifadəsini tapır. Dövlət ziyafətlərində hazırlanan menyular Azərbaycanın qonaqpərvərliyini, tarixini və kimliyini dünyaya nümayiş etdirmək üçün diqqətlə tərtib olunur. Azərbaycan Prezidenti tərəfindən təşkil edilən rəsmi qəbulların menyusu, adətən, klassik milli yeməklərlə beynəlxalq mətbəxin harmoniyasına əsaslanır. Məqsəd həm yerli dadları tanıtmaq, həm də qonaqların fərqli zövqlərinə uyğun balans yaratmaqdır.

Xarici dövlət başçılarının ölkəmizə səfərləri zamanı təqdim olunan menyuda adətən Azərbaycan mətbəxinin məşhur təamları - soyuq qəlyanaltıkimi badımcan ruleti, qutab, kükü, dovğa, xiyar-pomidor salatı, pendir növləri; isti yeməklərkimi dolma (üzüm yarpağında və digərləri), piti və ya lülə kabab, toyuq ləvəngisi, təndir kababı, plov növləri; desertlərdənpaxlava, şəkərbura, qoğal, halva və mövsümə uyğun meyvələr; içkilərdənAzərbaycan çayı, nar şirəsi, yerli mineral sular, yerli şərab növləri təqdim olunur.
Eyni zamanda, süfrəyə dünya mətbəxindən nümunələr də düzülür.
2009-cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sammitində qonaqlara “sac qovurma” və “dovğa” təqdim olunmuşdu.
2012-ci ildə “Eurovision” müsabiqəsi zamanı paytaxtda keçirilən beynəlxalq tədbirlərdə qonaqlara Azərbaycan mətbəxindən mini-dolmalar, lavaş ruletləri və balıq kababı verilmişdi.
2024-cü ildə Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşa səfərində İlham Əliyevlə birgə nahar etmişdi. Nahar menyusu Lukaşenkonun mətbuat xidməti tərəfindən açıqlanmışdı. Məlum olmuşdu ki, menyuda Şuşa mətbəxinin nümunələri də olub:
Tərəvəz/pendir assorti, qatıq-aş (Şuşa mətbəxi), nərə balığı ləvəngisi, kükü, vələs yarpağında pip dolma, soğanda qızardılmış toyuq, sacda mal əti, təndirdə quzu kababı, assorti kabab, boyana plov (Şuşa mətbəxi), daşma plov, panna-kotta (İtaliyan şirniyyatı, şəkərsiz), milli şirniyyatlar.

Qab-qacaq çox vaxt Azərbaycan milli motivləri ilə bəzədilmiş xüsusi kolleksiyalardan seçilir.
Çay mərasimi ziyafətin ayrılmaz hissəsidir – armudu stəkan və qızılgül mürəbbəsi prezident qəbullarının ən sevilən simvoludur.
Azərbaycan mətbəxi dövlət səviyyəsində yumşaq və mədəni diplomatiya aləti hesab olunur. Burada dolmadan paxlavaya qədər hər yemək, qızılgül mürəbbəsindən armudu stəkanadək hər detal "Azərbaycan həm dadların, həm mədəniyyətin ölkəsidir" kimi bir mesaj daşıyır...


