Sən kimsən, “Soydaş”? — Diaspor haqqında qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq

MÜSAHİBƏ 06 dek 2019, 18:45

“Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi, demək olar ki, hazırdır”.


Demokrat.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov YAP İcra katibliyində keçirilən mətbuat konfransında bildirib.


Xaricdə yaşayan yüz minlərlə soydaşımız həmin layihəni çoxdan gözləyir. Əməkdaşımız Ülviyyə Şahin onları maraqlandıran sualları Komitənin rəsmisi, hüquqşünas Şahin Camalova ünvanlayır.


– Şahin bəy, “Soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsinin konsepsiyası və əsas müddəaları barədə məlumat verərdiniz.


– Ümumiyyətlə, qanun diaspor quruculuğu sahəsində daha yaxşı nailiyyətlər əldə etmək üçündür. Bu sahədə fəaliyyəti tənzimləmək məqsədi ilə həmin layihə cənab Prezidentin tapşırıqları əsasında hazırlanıb. Layihə xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə, Vətənə bağlılığı ruhunda işlənib. Əsas amalımız budur.


– Qanun layihəsində “soydaş” anlayışı müəyyən edilib. Bu anlayışın izahı hamı üçün maraqlıdır. Ən azı, qanunun kimlərə şamil ediləcəyi ondan asılıdır. “Soydaş” deyərkən, kimlər nəzərdə tutulur?


– Qanunda biz “xaricdə yaşayan soydaş” ifadəsini işlətmişik. Həmin ifadə bütövlükdə layihədə əsas anlayış kimi nəzərdə tutulub. Xaricdə yaşayan, müvəqqəti və daimi yaşamaq icazəsi olan Azərbaycan Respublikasının vətəndaşı, habelə Azərbaycan mənşəli əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxs bu kateqoriyaya aid edilir. Yəni, “soydaş” anlayışına bu cür izah vermişik. Hesab edirik ki, xaricdə yaşayan soydaşların dövlətə bağlılığını artırmaq üçün, onların həmişə özlərini azərbaycanlı hiss etmələri üçün müəyyən imtiyazların verilməsi labüddür. Məhz buna görə qanunda xaricdə yaşayan soydaşlara imtiyazlar nəzərdə tutulub. Bu yolda atılan ilk addım “xaricdə yaşayan soydaş” statusunun müəyyən olunması və onlara xüsusi vəsiqələrin verilməsidir. Soydaş vəsiqələri dünyanın bir sıra ölkələrində mövcuddur. Məsələn Polşada “polyak”, Türkiyədə “mavi kart” deyilən xüsusi sistemlər var ki, xaricdə yaşayan soydaşları digər ölkə vətəndaşlarından, digər xalqların nümayəndələrindən fərqləndirə bilmək üçündür.

 

Image result for Şahin Camalov


– Soydaş vəsiqəsi alan şəxslər hansı üstünlüklər əldə edəcəklər?


– Yenə də deyirəm, hələlik bu bir layihədir. Layihəyə görə, vəsiqə alan soydaşlarımız 90 gün müddətində Azərbaycan Respublikasına vizasız səfər etmək və ölkədə qalmaq hüququ əldə edəcəklər. Daha sonra onların Azərbaycan Respublikası ərazisində orta-ixtisas və ya ali təhsil məktəblərində dövlət hesabına pulsuz oxumaq hüququnu reallaşdırmaq da nəzərdə tutulub. Əsas məqamlardan biri isə bu qanunla soydaşlara əmək müqaviləsi əsasında, miqrant işçi vizası almadan Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsidir. Gələcəkdə onların iqtisadi və maliyyə imkanlarının genişləndirilməsi ilə, məsələn, ölkəyə yatırımlar etməsi ilə bağlı güzəştlərin olması da planlaşdırılır ki, bunlar da çox vacib məqamlardır. Belə məsələlərdə soydaşlarımızın xarici ölkə vətəndaşlarından fərqləndirilməsi xüsusi hal yaradacaq.


– Qeyd etdiklərinizdən əlavə bu layihə soydaşlarımıza nə verəcək?


– Başlıcası, soydaşlarımızın öz vətənlərinə sərbəst şəkildə gəlib-getmək imkanı olacaq. Əsas məsələ budur. Məsələn, deyək ki, Almaniya vətəndaşıdır, ancaq mənşəcə azərbaycanlıdır. Həmin şəxs Azərbaycan Respublikası ərazisinə, öz vətəninə heç bir viza almadan gəlib-getmək hüququna malik olacaq.


– Bildiyimiz kimi, parlamentin fəaliyyəti dayanıb. Növbəti parlamentin formalaşmasına da xeyli vaxt var. Bu qanun layihəsini Milli Məclisə çıxarmazdan əvvəl ictimai müzakirəyə vermək yaxşı olmazdımı? Elə həmin xaricdə yaşayan soydaşlarımızın da öz təklifləri və fikirləri layihədə nəzərə alınmış olardı. Əvvəllər ictimai müzakirələrin təşkili təcrübəsi vardı…


– Eşitdiyim qədərilə söz-söhbətlər gəzir ki, guya bu qanun layihəsi artıq parlamentə verilib. Xeyr, hələlik layihə parlamentə getməyib. Onunla bağlı millət vəkillərindən biri sadəcə Milli Məclisdə deyib ki, belə bir qanun layihəsi hazırlanır. Amma məsələ müzakirəyə qoyulmayıb. Hal-hazırda müxtəlif nazirliklərin nümayəndələrindən ibarət işçi qrupu formalaşdırılıb. Həmin işçi qrupunda baxıldıqdan sonra qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq. Beləliklə təkmilləşdiriləcək və aidiyyəti üzrə Nazirlər Kabinetinə, sonda isə qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi üçün cənab Prezidentə göndəriləcək. Yəni, hələ böyük bir proses qabaqdadır. Siz dediklərinizi nəzərdə tutmuşuq. Bu qanunun, əlbəttə, ictimai müzakirəsi olacaq.(Pressklub.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top