“İpoteka kreditlərinin az olmasının əsas səbəbi bankların ipoteka kreditlərində çox da maraqlı olmamasıdır”.
Bunu Demokrat.az-a açıqlamasında “REAL” Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, ipoteka kreditləri böyük həcmli və uzunmüddətli olur, həmin vəsaitlə 6 aylıq, 1 illik istehlak kreditləri verib o pulun dövriyyəsini təşkil etmək banklara daha çox gəlir gətirir:
“Ona görə də maraqlı deyillər. Dövlətin İpoteka Fondu vasitəsilə verdiyi güzəştli ipotekaların isə həcmi məhduddur, o qədər də böyük deyil.
İpoteka kreditlərinin daha əlçatan olması üçün İpoteka Fonduna verilən vəsaitin həcmi kəskin şəkildə artırılmalıdır, amma buna indi elə bir imkan olacağını düşünmürəm. Ya da gələcəkdə addım-addım faizlərin aşağı düşməsi baş verməlidir ki, banklardan kredit götürmək həm vətəndaşa sərf etsin, həm də banklarda müəyyən qədər istehlak kreditlərinə yox, ipoteka kreditlərinə maraq yaransın”.
Cavidan Mirzəzadə Demokrat.az


