Politoloqdan proqnoz: “Gərginlik artacaq, üfüqdə müharibə görünür”

SİYASƏT 03 dek 2019, 15:52

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə - Dağlıq Qarabağa gəlib. Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, Paşinyan və Qarabağ separatçılarının lideri Bako Saakyan Dağlıq Qarabağdakı bir sıra hərbi  hissələrə gedərək, mövcud vəziyyətlə tanış olublar. Paşinyan və Saakyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və qondarma "DQR-in müdafiə naziri” Karen Abramyan müşayiət ediblər. Onlara cəbhədəki ümumi vəziyyət, postların durumu və texniki təchizat sahəsində məlumat veriblər. Hərbçilərlə görüşdə Paşinyan səngər postlarına baş çəkməyin məqsədini açıqlayaraq, hərbçilər arasındakı münasibətlərdən danışıb: "Səfərimizin əsas məqsədi həm uzunmüddətli, həm də qısa müddətdə xidmət keçən əsgərlərin həyatında müsbət dəyişikliklərin olub-olmadığını öyrənməkdir”. 

 

Analitiklərin sözlərinə görə, əslində Paşinyanın separatçıların rəhbəri Bako Saakyanla görüşü tamam başqa məqsədlərə xidmət edir. Məlum olduğu kimi gələn ilin martında Qarabağdakı qondarma rejim "prezident seçkisi” keçirəcək. Paşinyan səfər çərçivəsində "prezidentliyə namizədlərlər”lə də görüşüb. Erməni baş nazir qondarma rejimin "rəhbərliyinə” öz adamını gətirmək üçün Qarabağdakı prosesləri nəzarətdə saxlamağa çalışır. 

 

Paşinyanın Qarabağa gəlişini "Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov Ermənistanda bütün siyasi qüvvələrin səfərbər olduğunu deyib. Onun sözlərinə görə, bölgədə ciddi proseslər cərəyan edir. Ermənistanda isə narahatedici təlatümlər yaşanır: 

 

"Siyasilər Qarabağ avantürasının tələsindən çıxa bilmirlər. Mart ayında Qarabağdakı qondarma rejim "seçki” şousu təşkil edəcək və separatçılar özlərinə yeni "lider” seçəcəklər. İrəvanda əsas müzakirə mövzusu yeni rəhbərin Paşinyanın, yoxsa "Qarabağ klanı”nın adamı olacağı məsələsidir. Erməni baş nazir çalışır ki, qondarma rejimin "rəhbərliyinə” öz adamını yerləşdirsin. Lakin "Qarabağ klanı” İrəvana güzəştə getmək niyyətində deyil. Ona görə də bu məsələdə vəziyyət çox gərgindir. Tərəflər arasında heç bir kompromis yoxdur. Digər tərəfdən bu bədbəxtlər konkret nə istədiklərinin fərqində deyillər. Yəni bilmirlər ki, Qarabağdakı qondarma rejimin "müstəqil” olmasını, yoxsa birbaşa Ermənistana birləşdirilməsini tələb etsinlər. Bu dilemma tək Paşinyanı deyil, eyni zamanda Qarabağın cinayətkar və qanunsuz rejimini də son dərəcə çıxılmaz vəziyyətə salır. Kompromisin qeyri-mümkünlüyünü görən İrəvan hökuməti cəbhədə gərginliyin artacağından, müharibənin yenidən başlayacağından ehtiyatlanır. Əslində, bu real məsələdir. Vaxtı ilə Azərbaycanda yaşayan ermənilərin beynini uydurma fikirlərlə doldurub onları bizə qarşı qaldıran Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin gec-tez onlar üçün ən ciddi təhlükə olacağını anlamadı. Həmin çıxılmaz durumu indi İrəvanda müşahidə edirik. Ermənistan qurduğu tələyə özü düşüb”. 

 

T.Abbasovun fikrincə, düşmən tərəf qəti şəkildə dərk etməlidir ki, işğal olunmuş Azərbaycan torpaqları hər metrinə qədər ermənilərdən geri alınacaq: 

 

"Bunun alternativi yoxdur. Paşinyan KTMT üzvlərinə çağırış edərək Azərbaycana silah satılmamasını istədi. Buna reaksiyaları çox sərt oldu. Çünki qurumda təmsil olunan dövlətlərin siyasi elitaları yaxşı başa düşürlər ki, Azərbaycan anlaşılan siyasi xətt yürüdür. Ermənistan isə ərazi iddiaları ilə regionda ciddi qarşıdurma yaradır və öz müttəfiqlərini belə bezdidirir. Ona görə də Moskva və Minsk, o cümlədə digər ölkələr erməni baş nazirin çağırışına istehzalı cavablar verdilər. İstənilən zaman anti-terror əməliyyatına başlaya bilərik və buna qadirik”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top