"Azərbaycan jurnalistlərinin Ermənistana və qarşılıqlı olaraq da erməni jurnalistlərin Azərbaycana səfər etməsi ideyası yeni deyil, bu Minsk qrupunun sırımaq istədiyi "xalq diplomatiyası" deyilən avantüranın tərkib hissəsidir”.
Bunu ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı erməni jurnalistlərin Azərbaycana səfərləri barədə deyib.
Q. Çaxmaqlı bildirib ki, bu, səfər həm də həmsədr ölkələrin məsələni çıxmaza saldıqlarının və bu "suçu" öz üzərlərindən atmaq üçün etdikləri mənasız cəhddir: “O qədər mənasızdır ki, Azərbaycandan seçilib göndərilən jurnalistləri öz "mətbəxlərindən" başqa heç kəs tanımır və peşəkarlıqlarının aşağı səviyyədə olduğunun göstəricisi də paylaşdıqları ilk şəkillərdən də bilinir. İrəvandakı Göy məscidin minlərələ şəkli var, Qarabağdakı dağların fonunda çəkilən şəkil də mənfi assosiasiya doğurur. Bu adamların yerinə Ermənistanı və Qarabağı yaxşı bilən adamları göndərmək olmazdımı? Bu adamlar deyəsən heç jurnalistikanın hansı funksiyaları yerinə yetirmək barədə anlayışa da malik deyillər... Bununla belə mən gözləyirəm onlar nə yazacaqlar, hansı "tapşırıqları" yerinə yetirdikləri o zaman məlum olacaq. Bu əlaqələr sülh gətirməz, əksinə, münaqişənin daha da dərinləşməsinə səbəb olar ”.
Q. Çaxmaqlı onu da əlavə edib ki, erməni jurnalistlərə gəlincə, onların içərisində olan Artyom Yerkanyana yaxşı bələdəm: “Onun nə dərəcədə türk düşməni olduğunu da hazırladığı sənədli lentlərdən, İstanbul və Şərqi Anadolu vilayətlərindən hazırladığı veriliş və filmlərdən bilirəm. Əslində Azərbaycana qarşı işlətdiyi suçlara görə bu adam həbs edilməlidir. Bir nəfər çox yaxşı bir təklif irəli sürmüşdü. Bunları tutub niyə Dilqəmlə Şahbaza dəyişdirmiyək? Bir sözlə, bu mənasız bir təşəbbüs kimi yadda qalacaq. Avropalı təfəkkürlə Qarabağ münaqişəsinə yanaşmaq məsələnin kökünü anlamamaqdır. Bu əlaqələr sülh gətirməz, əksinə, münaqişənin daha da dərinləşməsinə səbəb olar. Gedin bir anket sorğusu keçirin. Qarabağın bu yolla qaytarılmasına hansı və neçə köçkün inandığını ifadə edəcək. Qarabağın qaytarılmasının yolu məlum olduğu halda biz niyə bu provakasiyalara gedirik? Bunu anlamaq mümkün deyil". (Moderator.az)


