Xəbər verdiyimiz kimi, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib. Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir. Myanmada isə güclü zəlzələ 1000 nəfərin ölümünə, 2300-dən çox insanın yaralanmasına səbəb olub.
Demokrat.az Musavat.com-a istinadən tarixin ən güclü, dağıdıcı və öldürücü zəlzələlərininin siyahısını təqdim edir:
Sumatra (İndoneziya) müasir tarixdə ən çox can alan zəlzələ olub. Hind okeanında 26 dekabr 2004-cü ildə baş vermiş sualtı zəlzələnin gücü müxtəlif cür qiymətləndirilir. Lakin əksər ekspertlər onun maqnitudasının 9,1-9,3 bal arasında dəyişdiyini bildirirlər. Buna görə də Hind okeanındakı zəlzələ tarixində ən güclü üç zəlzələdən biridir.
Seysmik hadisənin episentri Sumatra adası yaxınlığında olub. Zəlzələnin gücü coğrafi mənada görünməmiş bir hadisə idi. Litosfer tavaları təxminən 1600 kilometr ərazi üzərində hərəkət edərək Hindistan Tavası Hind-Çin yarımadası ilə toqquşdu.

Növbəti güclü zəlzələ 2010-cu il yanvarın 12-də Haiti Respublikasında baş verib. İlk təkanın gücü 7 bal olub. Teorik olaraq, seysmik cəhətdən təhlükəli hesab edilən bölgələrdə evlər zəlzələyə tab gətirmək üçün xüsusi olaraq tikilir. Ancaq Haitidə bu fərqli olub, burada bir çox ev bir zərbə üçün belə, nəzərdə tutulmayıbmış. Nəticədə bu fəlakət zamanı 222 570 nəfərin öldüyü rəsmən açıqlandı.
22 may 1960-cı ildə Çilidə baş vermiş Böyük Çili zəlzələsi (və ya Valdiv zəlzələsi) bəşəriyyət tarixində ən güclü zəlzələ hesab olunur.
Seysmik hadisənin maqnitudası 9,5 bal olub. Zəlzələnin episentri Valdivia (Santyaqonun cənubunda yerləşən Çili şəhəri) yaxınlığında olub. Əsas zərbə 6000-ə yaxın insanın həyatına son qoyub və 100 min çililini didərgin salıb.
Son 100 ilin ən güclü zəlzələlərindən biri 2011-ci il mayın 11-də Yaponiya sahillərində baş verən silsilə təkanlar hesab olunur. Onlardan ən güclüsü arxipelaqın sahilindən 72 km aralıda, 30 km dərinlikdə qeydə alınan 9 bal gücündə olub. Təxminən 6 dəqiqə davam edib və hündürlüyü 40 metrdən çox olan sunamiyə səbəb olub.
Ən dağıdıcı üçüncü zəlzələ də Asiya-Sakit okean regionunda – Çində baş verib.
2008-ci il mayın 12-nə keçən gecə mərkəzi Sıçuan əyalətində 19 kilometr dərinlikdə 8 bal gücündə zəlzələ baş verib. Fəlakət nəticəsində, müxtəlif mənbələrə görə, 5 milyondan 11 milyona qədər çinli evsiz qalıb. 69 195 nəfər ölüb, 374 643 nəfər yaralanıb, 18 mindən çox insan itkin düşmüş hesab olunur.
Türkiyədə baş verən və əsrin fəlakəti adlandırılan Kahramanmaraş zəlzələsində 53 mindən çox insan həyatını itirdi.

Azərbaycanda ən dəhşətli zəlzələlərdən biri də Gəncədə olub. Tarixçilərin yazdığına görə, yeraltı təkanlar o qədər güclü olub ki, nəticədə Kəpəz dağı uçub, Ağsu çayının məcrasını kəsib. Nəticədə burada səkkiz göl yaranıb. Bu faciə 30 sentyabr 1139-cu ildə baş vermiş, 230 minə yaxın insanın həyatına son qoymuşdu.


