Azərbaycanla Özbəkistan arasında münasibətlər hər keçən zaman güclənməkdədir. Hər iki ölkə bir çox sahədə əməkdaşlıq edir, birlikdə konfranslarda yer alır.
Özbəkistanın türkdilli dövlət olması onu bizə loru dildə desək, "bir köynək" yaxın edir. Münasibətlərimiz dostluqdan çox qardaşlığa yaxındır. Azərbaycanı Özbəkistana yaxın tutan siyasi səbəblər haqqında politoloq Elçin Xalidbəyli Demokrat.az-a danışıb:

"Azərbaycanın son vaxtlar xarici siyasətində dinamikanın artdığı, daha çevik manevrların edildiyi müşahidə olunur. Bununla da Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun güclənməsinə geniş imkanlar yaranır. Bu baxımdan Azərbaycan dövlətinin türkdilli dövlətlərlə münasibəti də inkişaf perpektivi baxımından ümidvericidir. Azərbaycan hazırda Özbəkistanla münasibətlərini ən yüksək səviyyəyə çatdırıb".
O, iki qardaş ölkənin siyasi, iqtisadi, həm də strateji əhəmiyyətli tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə qərarlı olduqlarını dilə gətirib:
"İki ölkə arasında bu münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli xarakter daşıyır. Çünki Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının da aparıcı üzvləri sırasına daxildirlər. Çoxşaxəli münasibətlər hər iki dövlətin iqtisadi-ticari münasibətlərindən başlayaraq siyasi-strateji tərəfdaşlığa qədər geniş məzmunu əhatə edir. Bu proses hər iki ölkənin beynəlxalq məkanda nüfuzunun artmasına, mövqelərinin möhkəmlənməsinə şərait yaradır."
Mehriban Mirzəzadə Demokrat.az


