Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin verdiyi məlumata əsasən sentyabrın 26-da Nyu-York şəhərində baş tutacaq görüşda ABŞ-nin Dövlət katibi Antoni Blinken də iştirak edəcək. Üçtərəfli görüşün detalları barədə hələ ki, açıqlama verilməyib.
Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında bildirib ki, üçtərəfli görüşdə əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında sülh prosesi ola bilər:
“Görüşdə ABŞ dövlət katibi Blinken də iştirak edirsə, deməli, burada ABŞ-nin maraqları nəzərə alınacaq. Sülh prosesi ətrafında tərəflərin əldə edə biləcəyi razılaşmalar, mübahisəli predmetlər müzakirə oluna bilər. Tərəflər arasında əldə olunan 17 maddədən ibarət sazişin 13 bəndi razılaşdırılıb, qalan 4 bənd üzərində fikir mübadiləsi aparıla bilər.
Qeyri-region dövlətlərin sülh müqaviləsinin imzalanmasında oynadığı, oynayaca biləcəyi rol müzakirə ediləcək, fikrimcə. Azərbaycan üçün önəmli olan sülhün əldə edilməsi, bunun üçün real addımların atılmasıdır. Azərbaycan dövləti istəyir ki, Ermənistan da sülh prosesində aktiv şəkildə işləsin, prosesə töhfə versin. Əgər bu olmayacaqsa, nəticə əldə edilməyəcək.
Düşünürəm ki, Blinkenin görüşdə iştirakı ABŞ-nin maraqlarını təmin etmək məqsədi güdür. Görüşün uğurlu nəticələrə gətirib çıxaracağına ümid etmək istərdim. Amma ABŞ-nin maraqları bəzən Ermənistanı da küncə sıxışdırmağı bacarır”.
Törə Zeynallı Demokrat.az


