Bütün erməni vətəndaşlar Qarabağda yaşamış vətəndaşlar əllərində bunu təsdiq edəcək sənədlər varsa, müraciət edə bilərlər, amma burada bir şeyi unutmaq lazım deyil ki, ikili vətəndaşlıq modeli işləmir.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, əgər onlardan kimsə Ermənistan vətəndaşıdırsa, onların Qarabağa qəbul məsələsi mümkün deyil:
“Bu məsələ Azərbaycan qanunvericiliyinə uyğun həll olunacaq. Bizdə bu məsələdə hər hansı bir məhdudiyyət yoxdur. Əgər həmin şəxslər hər hansı terrorçu bir fəaliyyətə bulaşmayıblarsa, Azərbaycana qarşı hansısa təxribatlarda iştirak etməyiblərsə, onların məsələlərinə baxılıb, müzakirə edilə bilər və müvafiq qərar qəbul edilə bilər. Amma burada ikili vətəndaşlıq məsələsi müəyyən problemlər ortaya çıxara bilər. Bu dəqiqləşdirilməlidir. Ən əsas da onların Qarabağda terrorçu fəaliyyətlə məşğul olub-olmaması məsələsi çox önəmlidir. Edilən müraciətlər onsuz da Azərbaycan qanunvericiliyinə uyğun baxılacaq. Həm də onların Azərbaycanın suverenliyini qəbul etməsi, konstitusiyasını qəbul etməsi əsas şərtlərdən biridir. Çünki Azərbaycan vətəndaşı olmaq üçün bu şərtlər ən önəmli şərtlər sayılmalıdır. Ona görə də burada hər hansı bir şəkildə sadəcə komfort içində Azərbaycan vətəndaşı olmağı istəyi yetərli deyil. Sabah hər hansı bir problem yaratmaq, separatçılıq fəaliyyəti ilə məşğul olmağa onlara imkan verilməyəcək”.
Mehriban Mirzəzadə Demokrat.az


