Sosial Özəl

Ekoloq: “Azərbaycanda su qıtlığı müvəqqətidir”

Ekoloq: “Azərbaycanda su qıtlığı müvəqqətidir”

Azərbaycanda transsərhəd çaylarının birgə idarəetmə mexanizminin, onların tətbiqi ssenarilərinin hazırlanması təklif edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib ki, Yaşıl İqlim Fondunun və digər qurumların dəstəyi ilə adaptasiya fəaliyyətini həyata keçirməklə su ehtiyatlarımızın gələcək iqlim dəyişiklikləri fonunda davamlılığını artıra bilərik:

“Təklif edilir ki, bu məsələ iqlim dəyişiklikləri üzrə mexanizmlərin tərkibinə daxil edilsin. Ancaq bizim quraq ərazilərimizdə bunun əksi baş verir. Qapalı su hövzələri yağıntı və çay axının azalması ilə onların quruması tendensiyası yaşanır”.

Məsələyə münasibət bildirən ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan aşağı axın ölkəsi olduğu üçün həmişə su problemi yaşayıb:

“Ölkəmizin su ehtiyatlarının 70 faizdən çoxu qonşu dövlətlərin ərazisində formalaşır. Həm dövlətlərin ərazisində getdikcə artan su götürmələri, digər tərəfdən də iqlim dəyişikliyinin təsirləri Azərbaycanın su ehtiyatlarının tədricən azalmasına səbəb olub. əgər əvvəllər 32 kub kilometr su ehtiyatı vardısa, indi bu rəqəm 22-23 kub kilometrdir ki, bunun da təxminən 13 kub kilometrindən çoxu xarici ölkələrdən axıb gəlir. Suya tələbat Azərbaycanda getdikcə artır. Çünki suvarılan ərazilər daha çox su tələb edir, beləliklə də çaylardan su götürmələri artır”.

Ekspert mövcud vəziyyətin müvəqqəti olduğunu hesab edir:

“İndi ilin ən quraq dövrüdür, yağıntılar az yağır, çaylarda sululuq azalır. Tarixən avqust ayında suvarma suyu da, içməli su da azalıb. Xüsusilə də Bakı şəhərində, paytaxtda həmişə yay aylarında su çatışmazlığı yaşanıb.

Ümid edək ki, bu vəziyyət payıza doğru dəyişəcək və anbarlarda su ehtiyatı artacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova