Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 1989-cu il təvəllüdlü Samir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Əhmədə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şərur rayon Püsyan kənd ərazisində baş verib. Kənd sakini Samir əvvəlcədən tanıdığı Şərur rayonun Alışar kənd sakini Əhməd ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində ona gicgah nahiyəsində və sağ almacıq nahiyyəsində vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs quismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, aliment borcu səbəbindən tutularaq Naxçıvan Muxtar Respublikasına gətirilib, aliment borcuna görə 20 gün inzibati qaydada həbs edilib: “Həbsdə olduğum müddətdə Şərur rayonun Alışar kənd sakini Əhmədlə tanış oldum. Həmin vaxt ona və orada olan digər şəxslərə Türkiyə Respublikası gömrüyündə iki ədəd avtomobilimin saxlanıldığı dedim. Əhmədə həbsdən çıxdıqdan sonra “Qazel” markalı avtomobili ona satacağımı dedim. Əhməd mənimlə razılaşdı. Lakin həmin vaxt aralarında qiymət barədə söhbət olmadı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 1 noyabr 2023-cü ildə, saat 21:40-da həbsdən azad olunub: “Həbsdə tanıdığım Əhməd, Azad və Kənan adlı şəxslərlə görüşmək üçün birbaşa Naxçıvan şəhərinə getdim. Orada ilk öncə bərbərə, sonra isə marketə girdim. Marketdən şampun və sabun aldım. Sonra Naxçıvan şəhərindəki avtovağzalda yerləşən otelə getdim. Həbsdən çıxan zaman üzərimdə 948 manat pul olub. Həmin pulu aliment borcunu ödəmək üçün gətirmişdim. Lakin icra məmuru mənə borcumun tamamını ödəməli olduğunu bildirdi. Aliment borcu 6000 manat olduğundan ödəyə bilmədim. Buna görə də gətirdiyim pul özümdə qaldı, otelin 305 nömrəli otağını bir günlük götürdüm. Otaq üçün otelə 25 manat pul ödədim. Təxminən 1 saat otaqda qaldıqdan sonra restorana endim. Restorana çatan zaman Əhmədin orada tək olduğunu, orada bir bakal pivə içdiyini, restorandan çıxarkən 5 manat hesab ödədiyini, sonra Əhməd mənə dostlarının “Araz” adlı restoranda olduqlarını dedi. Taksi ilə həmin restorana getdik. Düşərkən taksi sürücüsünə 6 manat pul verdim. Həmin yerdə Kənan və əlavə üç nəfərin olub. Restoranda olduğum vaxt pivə içmədim”.
Samirin sözlərinə görə, qardaşı və həyat yoldaşı ilə mobil telefonla danışıb, sonra restorandan çıxıb: “Hesabı kimin ödədiyini bilmədim. Təxminən gecəyarısı birlikdə restorandan çıxdıq və yanımılzda olan şəxslərdən birinin avtomobili ilə otelə gəldik. Otelə çatan zaman Əhməd oteldə tutduğum otaqda qalmaq istədiyini dedi. Buna etiraz etmədim. Əhməd ilə oteldəki otağa qalxdıq. Digər şəxslər isə getdilər. Otağa qalxdıqdan sonra marketə gedərək ordan kolbasa, çörək, kola, enerji içkisi aldıq. Aldığımız ərzaqların qiymətini Əhməd ödədi. Marketdən çıxıb otelə qayıtdıq. Oteldə olarkən otelin müdiriyyətindən zəng gəldi, ikinci şəxsin də əlavə 25 manat pul ödəyərək qala biləcəyini bildirdi. Əhməd ilə birlikdə aşağı düşdük. Əhməd özü üçün 25 manat pul ödədi, yenidən birlikdə otağa qalxdıq. Otaqda olan zaman Əhməd barmağındakı üzüyü mənə hədiyyə etdi. Eyni zamanda mənə quzularının olduğunu, onları satdığını dedi. Qurban kəsmək üçün ondan mənə bir quzu satmasını istədim, quzuların qiymətini soruşdum. Əhməd quzunun qiymətini mənə demədi. Mənə alacağım quzunu kəsəcəyini, doğrayacağınıŞ, buna görə quzu üçün 250 manat pul verəcəyimi bildirdi”.
Samir qeyd edib ki, noyabrın 2-də, yuxudan oyanaraq Əhmədlə birlikdə saat təxminən 07:00-da taksi ilə hava limanına gedilər: “Mən 5 manat taksi sürücüsünə pul verdim. Hava limanına çatdıqdan təxminən 1 saat sonra dini nikahda olduğum arvadım Şahnaz gəldi. Birlikdə taksi ilə otelə gəldik. 5 manat taksi sürücüsünə pul verdim. Şahnaz özü ilə 1300 manat pul gətirdiyini, pulu mənə Bakı şəhərində qardaşı Əlinin aliment borcunun bir hissəsini ödəmək üçün verdiyini, qalanını isə hissə-hissə ödəyəcəyini dedi. Şahnaz ilə otağa getdik. Biraz sonra aşağı düşdük. Orada Əhmədi gördüm. Mağazaya getdik, mağazadan sadəcə su alaraq otağa qalxdım. Ümumilikdə təxminən 40 dəqiqə otaqda qaldım. Əhməd isə aşağıda məni gözlədi. Aşağı düşərək Əhməd ilə birlikdə taksiyə minərək “Rentacar”a gedərək iki günlük “Ford Focus” markalı avtomobili kirayə götürdük. Avtomobil üçün 100 manat pul ödədim. Sonra Naxçıvan şəhərindən çıxaraq Əhməd ilə birlikdə birbaşa Sədərək rayonuna icra məmuru ilə aliment məsələsi barədə razılığa gəlmək və hərbi komissarlıqdan cəriməmin olub-olmamasını öyrənmək üçün yola düşdük. Yolda olarkən Əhməddən 500 manat borc pul istədim. Əhməd mənə 500 manat pul verdim. Sədərək rayonunun Dəmirçi kəndində olanda bacımın qayınatası Ramil də avtomobilə mindi. Ramili dövlət orqanlarında mənə kömək etməsi üçün çağırdım. Lakin nahar fasiləsi olduğu üçün icra məmuru ilə görüşə bilmədik. Sonra Sədərək hərbi komissarlığına getdik. Komissarlıqda Ramillə birlikdə oranın işçisi ilə görüşdük. Həmin vaxt Əhməd avtomobildə olub. Həmin şəxs 650 manat cəriməmin olduğunu bildirdi. Otağa girməmişdən əvvəl 650 manat pulu Ramilə verdim. Ramil həmin pulu işçiyə verdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Naxçıvan şəhərinə doğru yola çıxıb: “Dəmirçi kəndində olanda Ramil avtomobildən düşdü. Əhməd ilə birlikdə Naxçıvan şəhərinə getdik. Naxçıvana çatdıqda həyat yoldaşım Şahnazı götürdüm və Sədərək rayonun Dəmirçi kəndinə doğru yola çıxdıq. Yolda olan zaman Əhməd fermasının yaxınlıqda olduğunu bildirdi. Əvvəlcə fermaya gedərək quzunu götürməyi təklif etdi. Biz razılaşaraq, Şərur rayon Danyeri kəndi ərazisindəki yol ayırıcından sola döndük. Təxminən 20 dəqiqə getdikdən sonra avtomobili saxladım. Şahnaz avtomobildə qaldı. Əhməd ilə birlikdə piyada fermaya tərəf getməyə başladıq. Uçuq bir tikilinin yanına çatdıq. Bu zaman Əhməd kənara çəkilərək telefonla danışdı. Sonra qəfildən Əhməd şifer parçası ilə mənim baş və bədənimin müxtəlif nahiyələrindən vurdu. Zərbənin təsirindən yerə çökdüm. Biz yerdə tutaşdıq, köməyə Şahnazı çağırdım. Şahnaz qaçaraq yanımıza gəldi. Əhməd qaçaraq avtomobildən Şahnazın çantasını götürərək oradan uzaqlaşdı. Biz də birbaşa polis idarəsinə getdik və, şikayət etdik. Sonra 2 gün xəstəxanada, 4 gün isə polisdə saxlanıldım. Bundan sonra sərbəst buraxıldım”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əhmədin sözlərinə görə, Şərur rayonunda dalaşdığına görə inzibti qaydada həbs olunub: “İnzibati həbsdə olan zaman Sədərək rayon Dəmirçi kənd sakini Samir adlı şəxslə tanış oldum. Samir “Qaz 3110” və “Ford Transit” markalı iki ədəd avtomobilinin Türkiyə Respublikasında saxlanıldığını, hər iki avtomobili çıxarmaq üçün 4000 manat rüsum ödəməli olduğunu dedi. Ona 4000 manat verməyə razı oldum. Qarşılığında isə onun hər iki avtomobilini satın alacaqdım, qalan pulu isə hissə-hissə hər ay 500 manat olmaqla ona ödəyəcəkdim. Həbsdən çıxan zaman Samir 16 gün həbsi qaldı. Samirin dediyi avtomobilləri ala bilmək özümə məxsus 3 ədəd erkək dananı 4000 manata Şərur rayon Muğanlı kənd sakininə satdım. Daha sonra aldığım pulu apararaq evdə atama verdim. Əvvəlcədən atama həbsdə tanış olduğum Samir adlı şəxsdən iki ədəd avtomobil alacağımı dedim. Atama həmin pulu da avtomobilə verəcəyimi dedim”.
Zərərçəkmiş qeyd edib ki, noyabrın 1-də Samirin həbsdən çıxacağını bilib, atasından 4000 manat pulunu alaraq həmin gün axşam saatlarında Şərur rayon Oğlanqala kənd sakinləri Kənan və Azad adlı şəxslərlə həbsxananın yanına gedib: “Samir çıxdıqdan sonra dördümüz birlikdə əvvəlcə bərbərə, oradan isə “Avtovağzal” adlı restorana getdik. Restoranda olan zaman Azad yanımızdan ayrıldı. Sonra Naxçıvan şəhər sakini Sərxan, Culfa rayon sakinləri Seyid və onun əmisi oğlu yanımıza gəldi. Daha sonra Kənan, Sərxan, Seyid və onun əmisinin oğlunun restorandan çıxdılar. Özüm isə otelə getdim. Kənan, Sərxan, Seyid və onun əmisi oğlunun “Araz” adlı restorana getdilər. Daha sonra isə Samir ilə birlikdə həmin restorana onların yanına getdik. Məndən başqa stolda olan hər kəs pivə içdi. Təxminən 1 saat restoranda oturduqdan sonra çıxdıq”. Zərərçəkmiş şəxs daha sonra ifadəsində Samirlə birlikdə oteldə qalmalarından danışıb: “Samir telefon vasitəsi ilə kimləsə danışmağa başladı. Həmin vaxt Samir məndən avtomobillər üçün 4000 manat pul istədi. Cibimdən çıxardaraq ona 3500 manat pul verdim, 500 manatı daha sonra verəcəyimi bildirdim. Cibində olan 500 manat pulun avtomobili götürən zaman lazım ola biləcəyini düşündüm. Sonra Əhməd əlaqə saxladığı xanımın Bakı şəhərindən Naxçıvan şəhərinə gələciyini bildirdi. Mənim üçün isə başqa bir xanım gətirə biləcəyini dedi. Lakin bunu qəbul etmədim. Barmağımdakı üzüyü çıxararaq sürmənin üzərinə qoydum. Samir həmin üzüyü barmağına taxdığı, üzüyü ona hədiyyə etməyimi istədi. Üzüyün hədiyyə olduğu üçün verə bilməyəcəyimi, lakin müvəqqəti taxa biləcəyini dedim. Sonra biz yatdıq”.
Əhmədin sözlərinə görə, noyabrın 2-də Samirlə Sədərək rayonuna gediblər: “Sədərək rayonuna getməkdə məqsədimiz Əhmədin dediyi avtomobilləri götürmək olub. Yolda Şərur şəhərində olan zaman Əhməd pulunun digər şalvarında qaldığını bildirdi, məndən əlavə 500 manat pul istədi, otelə qayıdan zaman qaytaracağını dedi. Ona 500 manat pul verdim. Samir orada işlərini görəndən sonra Naxçıvan şəhərinə qayıtdı. Yolda olan zaman Samir qurbanlıq quzu axtardığını bildirdi. Ona quzu satdığımı, 250 manata ona quzu verə biləcəyimi dedim. Otelin önünə çatan zaman Sərxanın qonağının aşağı düşməsini gözləməyə başladıq. Həmin vaxt Samir telefonla danışan zaman qardaşına axşam Bakıya gələcəyini dediyini eşitdim. Onun avtomobil satmaq fikrinin olmadığını və məni aldadaraq pulumu alaraq qaçacağını başa düşdüm. Qaldığımız oteldən Samirin qonağını götürdük və Dəmirçi kəndinə doğru hərəkət etməyə başladıq. Pulumu ala bilməyəcəyimi düşünərək Samiri Şərur rayon Təzəkənd ərazisində olan fermama aparmağı, ora polis əməkdaşlarını çağıraraq pulumu almağı planlaşdırdım. Kəngərli rayon Qıvraq qəsəbəsində olan zaman ayaqyolu bəhanəsi ilə Samirdən avtomobili saxlamasını istədim. Avtomobildən düşərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, Samir adlı şəxsin 4000 manatımı aldığını, Bakı şəhərinə qaçmaq istədiyini bildirdim. Daha sonra avtomobilə əyləşərək Samirə fermaya gedərək quzunu götürməyi dedim. Samirlə birlikdə fermaya getdik. Samirlə avtomobildən düşərək irəliləməyə başladıq. Samirdən kənarlaşaraq yenidən 102-ə zəng vurdum. Bu vaxt Samir polisə zəng vurduğumu eşitdi. Daş ilə başımdan vurdu və mən yerə yıxıldım. Sonra aramızda mübahisə oldu. Biz tutaqlaşdıq, bir-birimizi vurmağa başladıq. Samir yerdən şifer qırıntıları götürərək məni vurmağa başladı. Samir yanındakı qonağından ağac parçası götürərək məni vurmasını istədi. Bu zaman avtomobilə tərəf qaçdım, həmin xanıma məxsus çantanı onların getməmələri üçün götürdüm. Sonra qaçaraq oradan uzaqlaşdım. Yolda polis əməkdaşlarının mənə zəng vurdular. Onlara olduğum yeri dedim. Polislər yanıma gəldi. Oradanda polis idarəsinə getdik”.
Bu cinayət işinə Şərur Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir 7 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Ona Naxçıvan Muxtar Respublikasının ərazisini, həmçinin hər gün axşam vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək Sədərək rayon Dəmirçi kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Sədərək rayon İcra və Probasiya bölməsinə həvalə edilib.
Hökmdən narazı qalan Samir apellyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza verilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, onun şikayəti təmin olunmayıb.
Fariz Məlikli Demokrat.az


