Müasir dövrdə 30 yaşına çatmış və ya 30 yaşı keçmiş gənc qızlar və oğlanlar ailə həyatı qurmaqda çətinliklər yaşayırlar. Bu bəzən onların evlənmək istəyinin az olması ilə də baş verir.
Bəs, niyə bu yaş kateqoriyasında olan gənclər evlənmək istəmir? Buna səbəb nədir?
Məsələ ilə bağlı Demokrat.az-ın sualını cavablandıran sosioloq Lalə Mehralı bildirib ki, 30 yaşına gəlmiş və ya bu yaşı keçmiş gənclər evlənmək üçün özlərinə uyğun namizəd tapa bilmirlər:
“Çünki o yaşda artıq öz yaşlarına uyğun həyat yoldaşı seçimində israrçı olurlar. Gənc yaşda buna o qədər diqqət eləmirlər. Özlərindən böyük və ya kiçik fərq eləmir. Əsas eşq, məhəbbət, sevgi kimi faktorlara nəzər salırlar. Amma 30-dan yuxarı yaşda olanda artıq həm işini qurmaq üçün evliliklərini yubadırlar, həm də daha uğurlu həyat yoldaşı seçimi üçün. Əslində, 30 yaşda evlənərkən və yaxud da evlənmə niyyətinə düşərkən o yaşda həyat yoldaşı tapmaq da çətindir. Çünki adətən qızlar tez evlənməyə üstünlük verirlər. Xüsusilə də ali təhsil dalınca getməyən qızlar.
Ali təhsil alan qızlar isə evlənmək niyyətinə düşmürlər. Daha yaxşı karyera, daha yaxşı həyat yoldaşı seçimini gözləyə-gözləyə 30 yaşı keçirlər. Amma oğlanlar 30 yaşı keçirsə, bu halda öz yaşlarına uyğun həyat yoldaşı seçimində israrçı olurlar. Bu da hər vaxt mümkün olmur. O yaşda həyat yoldaşı ya tapa bilmirlər, ya da öz tələblərinə uyğun namizədlə qarşılaşmırlar. Bu da yaşlarının keçməsi, evlənə bilməmələri, gec ailə qurmaları kimi problemlərə səbəb olur”.
Mehriban Mirzəzadə Demokrat.az


