Kriminal Özəl

Qəbristanlıqda qız üstündə qanlı dava — TƏFƏRRÜAT

Qəbristanlıqda qız üstündə qanlı dava — TƏFƏRRÜAT

Ağdaş rayonunda 2006-cı il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Rüstəmə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdaş rayonu, Hüşün kəndi ərazisində yerləşən qəbirstanlığın yaxınlığında baş verib.

Pərviz orada Rüstəm ilə eyni qızı sevmələri səbəbindən aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla sol qolundan vurub.

Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Rüstəm onun həmkəndlisidir:

“Hadisə günü Səlim mənə zəng edərək harada olduğumu soruşdu. Ona çayxanada olduğumu bildirdim. Səlim telefonda mənim Sima adlı qızla sevgili olub-olmadığımı soruşdu. Ona Sima ilə sevgili olduğumu, hazırda Sima ilə danışmadığımı bildirdim. Simanı kimin maraqlandığını soruşdum. Səlim mənə Simanı kimin maraqlandığını bildirmədi. Belə olan halda Simanı maraqlanan şəxsə qarşı nalayiq ifadə işlətdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Rüstəm ona zəng edib və ona qarşı nalayiq ifadə işlədib-işlətmədiyini soruşub:

“Mən də nalayiq ifadə işlətdiyimi bildirdim. Rüstəmə “söyüş söyən zaman sən olduğunu bilmirdim” dedim. Rüstəm mənimlə görüşmək istədiyini və harada olduğumu soruşdu. Ona çayxanada olduğumu bildirdim. Bir müddət sonra Rüstəm gəldi. Rüstəmlə söhbət etdiyim zaman sinəmdən tutaraq itələdi. Elə bu vaxt özümü müdafiə etmək məqsədilə cibimdən bıçağı çıxartdım və bıçağı 2-3 dəfə ona doğru atdım. Hava qaranlıq olduğu üçün Rüstəmə bıçaq vurduğumu hiss etmədim. Birdə gördüm ki, Rüstəm aşağı doğru əyildi və daha sonra ayağa qalxaraq qaçmağa başladı”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, hadisə zamanı istifadə olunan bıçağı işləmək məqsədilə üzərində götürüb:

“Bıçaq açılıb-qatlanan bıçaq olub. Bıçağı işdə işləmək məqsədi ilə götürmüşəm. Bıçağı evdən xurma yığmaq məqsədilə götürmüşəm. Xurma yığdıqdan sonra Elvin adlı şəxslə çayxanaya getmişəm. Bir müddət sonra Səlim zəng etdi. Mənim Rüstəmi bıçaqla vurmaq məqsədim olmayıb. Özümü müdafiə etmək məqsədilə bıçaq çıxartmışam. Rüstəmi əvvəlcədən tanımışam. Rüstəmlə birlikdə qəbiristanlığa doğru getmişəm. Qəbiristanlıq çayxanadan 500 metr aralıda yerləşir”.

İş üzrə zərərçəkmiş Rüstəmin sözlərinə görə, Pərviz onun həmkəndlisidir:

“Normal münasibət qurmaq üçün Sima adlı qızla maraqlandım. Eşitdiyimə görə Pərviz də həmin qızla maraqlanıb. Bundan sonra Pərvizin mobil nömrəsini tapdım, yaşı az olduğu üçün qohumum Səlimdən ona zəng edərək Sima ilə aralarında nə isə olub-olmadığı barədə ondan məlumat almasını xahiş etdim. Səlim Pərvizə zəng etdi, Sima ilə münasibətinin olub-olmadığını soruşdu. Pərviz Sima ilə münasibətinin olduğunu bildirdi, onu soruşan şəxsə qarşı nalayiq ifadə işlətdi. Bundan sonra Pərvizə zəng edərək onunla üz-üzə söhbət etmək istədiyimi, harada olduğunu soruşdum. Pərviz çayxanada olduğunu bildirdi. Daha sonra Pərvizin yanına getdim. Pərvizlə söhbət əsnasında niyə məni təhqir etdiyini soruşdum. Daha sonra sinəmdən tutaraq arxaya itələdim. Bundan sonra Pərviz cibindəki bıçağı çıxararaq 3-4 dəfə mənə doğru atdı. Qaranlıq olduğu üçün heç nə görə bilmədim. Özümü müdafiə etmək məqsədilə Pərvizə təpik atdım. Həmin vaxt bıçağın dəydiyini hiss etməsəm də, sonra qolumdan qan axdığını görərək hadisə yerindən qaçdım. Yaxınlıqda olan mağazanın yanında taksi fəaliyyəti ilə məşğul olan Ceyhunu gördüm. Ceyhuna məni xəstəxanaya çatdırmasını xahiş etdim”.

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ondan şikayət və tələbi yoxdur:

“Qızla heç bir münasibətim olmayıb. Hadisə zamanı təqsirləndirilən şəxs məni təhqir etdiyi üçün üzr istəməyib”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pərvizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.

Təqsirləndirilən şəxsin davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az