Gündəm

ABŞ-nin qanunsuz silah yardımı Ermənistanın dövlətçiliyini təhdid edir

ABŞ-nin qanunsuz silah yardımı Ermənistanın dövlətçiliyini təhdid edir

"Amerika Birləşmiş Ştatlarının, eləcə də Avropanın bir sıra dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini hər zaman müşahidə edirik. Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun bu ölkəni qınamadı. Amma 1992-ci ildə Azərbaycana qarşı "Azadlığı Müdafiə Aktı"na ədalətsiz 907-ci düzəlişi qəbul etdi".

Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, bu, Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə daha da həvəsləndirdi. Özünü tam şəkildə cəzasızlıq şəraitində hiss edən Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu açıq şəkildə bəyan etməkdən çəkinmədi. Son günlər yenə də Ermənistanda müxtəlif səviyyələrdə anti-Azərbaycan ritorikası güclənib. Sərhədlərin müəyyənləşməsi istiqamətində görüşlərin dayanması, işçi qrupun fəaliyyətsizliyi, London görüşündən imtina, Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsinə meylin görünməməsi, rəsmi Bakının təkliflərinə hələ də mükəmməl cavab verilməməsi rəsmi İrəvanın sülh, normallaşma prosesi ilə bağlı işini yalnız quru açıqlamalarla bitmiş hesab etməsindən xəbər verir. Bu da əvvəllər Azərbaycanla münasibətlərin qurulmasında daha maraqlı görünən Ermənistanı qarışdıranların olduğunu göstərir: "Flightradar" uçuşları izləyən sistemə əsasən, avqustun 2-də və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından İrəvanın "Zvartnos" hava limanına iki hərbi təyyarə enib. Amerikanın "Boinq C-17" hərbi yük təyyarəsində Ermənistana silah-sursat və şəxsi heyət gətirilib. Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində Pentaqonun yüksəkrütbəli zabitinin xidmətə başlaması Ağ Evlə İrəvan arasında hərbi əməkdaşlığın inkişafının göstəricisidir. Avropa İttifaqının və ABŞ-nin işğalçı dövlətə külli miqdarda maliyyə ayırması Qərbin tarixi Zəfərimizi, ən əsası, uğurlarımızın əsasında dayanan müstəqil siyasətimizi qısqanclıqla qarşıladığının daha bir sübutudur".

K.Bayramov qeyd edib ki, maliyyə yardımları işğalçı düşüncədən xilas olmayan Ermənistanın təcavüzkar ruhunu dirçəldir. Çünki rəsmi İrəvan Azərbaycan və Türkiyəyə torpaq iddiası, saxta soyqırımının tanınması iddiasını özündə ehtiva edən konstitusiyasını dəyişmək istiqamətində hələ də real addım atmayıb. Qərbin Xocalıda 613 nəfəri qəddarcasına öldürən, minlərlə insanı şikəst edən, bir milyondan artıq azərbaycanlını doğma yurd-yuvasından didərgin salan işğalçı, təcavüzkar ölkəyə dövlət səviyyəsində dəstək göstərməsi yolverilməzdir. Dövlət başçısı İlham Əliyevin "Bəzi hallarda həqiqətlərə göz yumulur. Müəyyən dairələr öz siyasətini uydurulmuş faktlar, təhrif edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu, ikili standartlar siyasətidir. İkili standartlar ədalətsizlik deməkdir. İşğalçı ilə işğalın qurbanını, necə deyərlər, bir səviyyədə görmək nə qədər ədalətlidir?!" - fikri beynəlxalq hüququn norma və prinsiplərini bütün ölkələrə eyni şəkildə tətbiq etməyən dövlətlərə tutarlı cavabdır.

Deputat diqqətə çatdırıb ki, ölkəmiz nə ABŞ, nə də digər qərəzli mövqe sərgiləyən dövlətlər qarşısında heç bir öhdəlik götürməyib. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. ABŞ və digər qərəzli ölkələr özlərinin günbəgün artan dövlət borclarından başlayaraq, irqi ayrı-seçkiliyin, polis zorakılığının, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsalar, daha düzgün olar.

Bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərdə, müharibələrdə, dövlət çevrilişlərində, vətəndaş müharibələrində ABŞ-nin iştirakının göz önündə olduğunu vurğulayan müsahibimiz xatırladıb ki, uzun illər Əfqanıstanı işğal altında saxlayan Amerika bu ölkədə heç bir abadlıq yaratmayıb, bütün ölkəni narkotik plantasiyasına çevirib: "Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün dünyada baş verən bütün savaşların ssenari müəllifi məhz Amerikadır. Ermənistana ardıcıl maliyyə və humanitar yardımın göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar Avropa təsisatlarının ədalətli ola bilməmələrinin sübutudur. Gördüyümüz kimi, Qərb Azərbaycanın maraqlarını, Cənubi Qafqazın təhlükəsizliyini nəzərə almadan Ermənistanı gücləndirməyə başlayıb".

Qərbin Cənubi Qafqaza sağlam niyyətlə baxmadığını qeyd edən K.Bayramov bildirib ki, Ermənistan başa düşməlidir ki, ABŞ-nin bu tip siyasi riyakarlıqlarla dolu addımları bölgədə sülhə, sabitliyə mane olmaqla, əslində, onuna dövlətçiliyini təhdid edir. Azərbaycan artıq ərazi, sərhəd bütövlüyünü və bütün ərazilərində konstitusiya quruluşunu tam bərpa etməklə, bölgədə separatizmin sonunu gətirməklə Qərbin iradəsi ziddinə yeni reallıq formalaşdırıb.(Azərbaycan)

NE
Nihadə Eyyubova