Naxçıvana uçuşların sayı artırılacaq. Muxtar Respublikaya səfər edənlərin çoxalması AZAL-ın iş qrafikinə də təsir edib. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hər gün 20-dən çox reysin həyata keçiridiyini açıqlayıb. Zərurət yaranarsa, reyslərin sayının artırılacağı qeyd olunub.
Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında deyib ki, son vaxtlar Naxçıvandan Bakıya və əks istiqamətdə səfər edənlərin sayında əhəmiyyətli artım müşahidə olunur:
“Hazırda Naxçıvanda hava limanındayam, özüm də bir müddət çətinlik yaşadım bilet almaqa bağlı. Gözləmək lazım deyil, vaxtında gəlib qeydiyyata düşmək lazımdır, növbədə gözləyib bilet əldə etmək olur. Biletlər çox vaxt axşam reyslərinə olur bəzi səbəblərdən dolayı. Birincisi ona görə ki, Duzdağ hotelinə gələnlərin çoxu müalicə ilə bağlı daha çox axşam saatlarında gəlirlər. Digər bir məsələ əsgərlərin andiçmə mərasimidir, əsgər valideynləri ziyarətə gəlirlər. Ən vacibi isə Naxçıvanda ilk dəfə hərbçilərin yerdəyişməsi baş verir, Naxçıvandakı hərbçilər Azərbaycanın digər bölgələrinə gedir, digər bölgələrdəki hərbi qulluqçular isə Naxçıvana gəlir. Naxçıvana gələn xarici və yerli turistlərin sayı da az deyil. Bu amilləri cəmləyəndə çoxlu sayda insanın Naxçıvana gəlib-getdiyini görürük. Həftəsonları, gecə saat 2-də, 4-də də əlavə reyslər açılır. Tələbat çox olanda embrayer, yəni kiçik təyyarələr aeroflotlarla əvəz edilir”.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın artması barədə məlumat yayıb. Sərnişinlərə aviabiletləri öncədən əldə etmək tövsiyə edilib.
Törə Zeynallı Demokrat.az


