Dünyada seysmik və tektonik aktivləşmə gedir. Bu aktivlik olduqca intensivləşib. 2024-cü ildə bu aktivlik davam edəcək. Dünya miqyasında seysmik ocaqlar aktivləşəcək, palçıq və maqmativ vulkanlar püskürəcək, torpaq sürüşmələri olacaq.
Bu sözləri Demokrat.az-a açıqlmasında Elm və Təhsil Nazirliyinin nəzdində Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükə şöbəsinin struktur bölməsinin müdiri seysmoloq Qulam Babayev deyib.
O bildirib ki, bu il Azərbaycanda və qonşu ölkələrdə seysmik ocaqlar aktivləşib:

“Hətta son zamanlar İran, Türkiyə, Gürcüstanda da ardıcıl güclü zəlzələlər baş verir. Azərbaycan da istisna deyil. Çünki Azərbaycanda bir neçə seysmik ocaqlar mövcuddur. Bu il də aktivləşmə müşahidə olunur. Bu sadəcə bir dövrlükdür. Düşünürəm ki, bu aktivlik 2025-ci ildə də davam edəcək. Azərbaycanda 2024-cü ilin sonuna kimi biz bu aktivliyi müşahidə edəcəyik. Onsuz da Azərbaycanda da, digər ölkələrdə də hiss olunmayan zəlzələlər hər gün baş verir. Amma söhbət hiss olunan zəlzələlərdən gedir. Azərbaycanda 2024-cü ilin sonuna qədər hiss olunan zəlzələlər baş verəcək. Dağıdıcı və güclü zəlzələləri proqnozlaşdırmaq mümkün deyil. Əsasən zəlzələlər Quba-Şabran,Cənub zonası, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, kiçik Qafqazın Şimal yamacı, Gəncə ətrafı və hətta Qarabağ zonasında da gözlənilə bilər. Xəzər dənizinə gəlincə isə bu mürəkkəb bir tektonik zonadır. Burada bir neçə seysmik ocaqlar mövcuddur. Həmin seysmik ocaqlar bu il aktivləşmə dönəmindədir”.
Mehriban Mirzəzadə Demokrat.az


