Abşeron rayonunda 2002-ci il təvəllüdlü Sərxan qeyri-rəsmi münasibətdə olduğu həyat yoldaşı Ləmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 8-də, gecə saat 2 radələrində Abşeron rayonu, Xırdalan şəhərində baş verib.
Sərxan fərdi yaşayış evində onunla qeyri rəsmi ər-arvad münasibətində olan tanışı Ləmanın ondan icazəsiz rayona getməsindən əsəbiləşib.
Bununla bağlı Ləman ilə aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında onun üzərinə hücum edib. Qəsdən onun boğazından əli ilə tutaraq sıxıb, yumruq və təpiklə onun əl, qol, sifət, baş, ayaq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub.
Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, Ləman ilə təxminən 6-7 ay bundan əvvəl tanış olub, onlar rəsmi nikaha daxil olmadan ər-arvad kimi bir yerdə yaşayıblar: “Bu münasibətdən övladlarımız yoxdur. Hazırda da birlikdə yaşayırıq, münasibətlərimiz normaldır. Hadisə günü aramızda qısqanclıq zəminində mübahisə oldu. Bununla əlaqədar yaşadığımız evdən getdim. Gecə evə qayıtdıqdan sonra həmin səbəbdən yenidən mübahisələrimiz oldu. Həmin vaxt əsəbiləşdiyim üçün Ləmanı döydüm. Daha sonra evdən çıxaraq getdim. Ləman da hadisədən sonra telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib”.
Zərərçəkmiş Ləmanın sözlərinə görə, 2008-ci ildə Kamal ilə ailə qurub, 2018-ci ildə Xaçmaz Rayon Məhkəməsi tərəfindən nikahımız pozulub: “Həmin nigahdan iki azyaşlı övladımız var. Barəsində şikayət etdiyim Sərxan ilə 5 ay əvvəl tanış olaraq bu günə kimi qeyri rəsmi ər-arvad münasibətində bir evdə yaşayırıq. Bizim qeyri-rəsmi münasibətdə olmağımıza baxmayaraq övladımız yoxdur. Əvvəllər Sərxanla münasibətlərimiz normal olsa da, son vaxtlar ondan icazəsiz rayona getdiyim üçün münasibətlərimiz pisləşdi”.
Ləman qeyd edib ki, mayın 7-də, saat 12 radələrində yaşadığı evdə olarkən Sərxan evə gəlib və onu yuxudan oyadaraq icazəsiz rayona getməsinə görə sözlə mübahisə etməyə başlayıb: “Bir qədər sonra isə evdən çıxaraq getdim. Mayın 8-də, gecə saat 2 radələrində Sərxan mənə zəng etdi, evə gələrək söhbət etmək istədiyini söylədi. Evə gəldikdən sonra yenə də aramızda mənim rayona getməyim səbəbindən mübahisələrimiz baş verdi. Mübahisə zamanı Ləman əsəbləşdiyi üçün onun üzərinə gələrək yumruq və təpiklə əvvəlcə ayaq, bud nahiyələrimdən, ardınca yumruqla sifət, baş, əl, qol və bədənimin digər nahiyələrindən vuraraq məni döydü. Daha sonra Sərxan evdən getdi. Mən də hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sərxanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


