Sosial Özəl

Bu il Azərbaycanda su ehtiyatı artacaq — PROQNOZ

Bu il Azərbaycanda su ehtiyatı artacaq — PROQNOZ

Qlobal istiləşmə ilə birlikdə dünyada şirin su ehtiyatları azalır. Azərbaycan da içməli suyun azlığından əziyyət çəkən ölkələrdəndir.

Araşdırmalara görə yaxın gələcəkdə ölkədə su qıtlığı yarana bilər. Bir çox inkişaf etmiş ölkələrdə yağış sularından təsərrüfatda, həmçinin içməli su məqsədilə istifadə olunur, yağış suyundan faydalanmaq üçün xüsusi texnologiyaların inkişafı bu prosesi daha da əlçatan edir, beləliklə su ehtiyatları da qorunub saxlanmış olur.

Bu il Azərbaycanda havalar daha çox qeyri-sabit keçir, yağışlı günlər müşahidə olunur, xüsusən bölgələrdə yağıntıların miqdarı çox olur, çaylardan sel keçir. Yağıntılı hava yağış sularından yararlanmağı aktul edir.

Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, su ehtiyatının az olmasının əsas səbəbi tranzit çaylardır.

Onun sözlərinə görə, Azərbaycan mülayim və subtropik qurşaqda yerləşir. Bu qurşağın əsas xüsusiyyəti odur ki, yağıntılar nisbətən azdır, lakin bu, ölkənin su ehtiyatının az olduğunu deməyə əsas vermir:

“Azərbaycan tranzit çaylardan qonşuları ilə müqayisədə daha az su götürür. Quraqlıq dövrü bütün qurşaqlarda olur, hətta yağıntıların çox olduğu ölkələrdə də. Bu, təbiətin qanunudur. Rusiyada elə dövr olub ki, həddindən artıq quraqlıq baş verib. Azərbaycanda da quraqlıq yaşanıb, amma bu ildən yağıntılar artıb. Artan yağış miqdarı hələ ki ehtiyat su yığmaq üçün kiyafət etmir, ən yaxşı halda bulaqlara ötürülə bilər. Yağıntıların bərk halda olması daha faydalıdır, çünki tədricən sərf olunur. Qışda qar çox yağsa, yavaş-yavaş əridikcə torpağın alt və üst qatlarına nüfuz edəcək, ağacların köklərində yığılacaq, qar suları torpağın dərin qatlarına axdıqca bulaqlarda yığılır və su ehtiyatını formalaşdırır. Bununla çaylarda da sululuq artacaq”.

Ekoloq qeyd edib ki, Azərbaycanda sudan istifadə zamanı bir çox problemlər yaşanır:

“Su ehtiyatı çox olsa da əgər düzgün sərf olunmursa, azalmasına gətirib çıxarır. Bizim suvurma sistemləri artıq köhnəlib, yenilənməsinə ehtiyac var. Su ehtiyatının çox hissəsi suvarmaya sərf olunur. Şoranlaşmış torpaqlarda su kanalları sistemi yenidən qurulmalıdır. Buna da zaman və vəsait lazımdır. Mingəçevirdə böyük su ehtiyatı var, keyfiyyəti də yaxşıdır.

Ümumiyyətlə, su ehtiyatımızın önəmli hissəsi Kür-Araz ovalığında toplanıb. Həmin sulardan istifadə edib əraziləri içməli su ilə təmin etmək olar. Suyun çox sərf olunduğu ərazilərdə müasir texnologiyalar yaradılmalıdır. Çoxillik bitkiləri damcı üsulu ilə suvarmaq olar. Bu il su ehtiyatımız çox olmalıdır, səmərəli istifadə olunsa, problem yaşamarıq. Bizdə hərə istədiyi kimi sudan istifadə edir, maşınları içməli su ilə yuyurlar, tonlarla həcmdə su israf olunur. İçməli su problemi ilə qarşılaşmamaq üçün inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmalıyıq”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az