Daxili İşlər Nazirliyi kiberhücumlara bağlı növbəti dəfə əhaliyə xəbərdarlıq edib.
Qurumun Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, kiber məkanda hər bir təklif şübhəlidir və bütün müdaxilələr kart sahibinin aldadılması, şirnikləndirilməsi nəticəsində baş verir: “Əgər kartda 1, 10, 45 yaxud 50000 manat varsa da fərq etməz, kart məlumatları naməlum şəxslərə verilməməlidir. Saxta linklərə daxil olma, saxta satış, saxta reklam, beh ödənişləri, saxta investisiya, saxta lotereya oyunları, karta müdaxilə, əlavə qazanc, pul köçürmələri, valyuta dəyişmələri, kriptovalyuta, təhlükəsizliyin artırılması məzmununda olan kiber tələlər vasitəsilə vətəndaşlarımızın bank kartlarından oğurluqlar edilir. Bu hallara qarşı hər bir vətəndaş diqqətli olmalıdır. Kibertəhlükəsizlik davamlı prosesdir”, - E.Hacıyev qeyd edib.
Sosioloq Elçin Bayramlının sözlərinə görə 20 ildən çoxdur ki, bu proses davam edir. O, Demokrat.az-a açıqlamasında deyib ki, texnologiyanın inkişafı, modernləşmə ilə paralel olaraq insanları aldatmaq üçün yeni dələduzluq növləri də ortaya çıxır:
“Bunun səbəbi əhalinin savadsızlığı ilə bağlıdır. Müasir dövrə, müasir texnologiyalara uyğunlaşmamaq, məlumatsız olmaq, texnologiyadan istifadə edərkən təlimatlara fikir verməmək kimi amillər savadsızlığın, həm də nəfsin göstəricisidir, sürətli və asan yolla gəlir əldə etməyə insanların meyili artıb, elə bilirlər ki, onlayn formada yüksək gəlir əldə edə bilərlər. Sosial şəbəkələrdə şəxsi məlumatların paylaşılmasının nə demək olduğunu illərdir jurnalistlər heç kimə izah edə bilmirlər. Başa sala bilmirik ki, şəxsi məlumatları sosial şəbəkələrdə paylaşmaq olmaz. Hakerlər 1-2 şəxsi məlumatı əldə etdikdən sonra insanların digər məlumatlarına da daxil ola bilirlər, bank hesablarını ələ keçirirlər. İnternetdə psixoloji test adı ilə linklər yayılıb, linkə daxil olurlar, 20-30 suala cavab verirlər, hansı ki, cavablarda şəxsi məlumatları qeyd etməli olurlar, sonra da bu məlumatlardan müxtəlif məqsədlər üçün istifadə olunur, o cümlədən pulların talanmasında”.
Ekspert maarifləndirmənin artıq işə yaramadığını hesab edir:
“Görürük ki, neçə ildir həm DİN, həm jurnalistlər, həm də İT mütəxəssisləri bu barədə əhaliyə xəbərdarlıqlar edir, amma yenə də belə hallar səngimək bilmir. Bank kartının şəklini çəkib kiməsə göndərirlər, parol qoyarkən doğum tarixi kimi asan kodlardan istifadə edirlər, beləliklə kibercinayətkarlara şərait yaratmış olurlar. Elektron bazada, internet sistemlərində indi hər kəsin məlumatları var, birinə daxil olub digərlərini də ələ keçirmək mümkündür. Göndərilən linklərə daxil olanda spam viruslar köçür cihaza və oradakı məlumatları 3-cü tərəfə ötürür”.
E.Bayramlı vurğulayıb ki, internetdən, mobil cihazlardan istifadə edərkən ehtiyatlı olmaq lazımdır:
“Bu da yüz dəfə deyilib, çətin parollar qoymaq, şübhəli linklərə girməmək, şübhəli məlumatları paylaşmamaq lazımdır. Hətta savadsızlığın dərəcəsinə bax ki, insan kartına pul göndərən şəxslə kartının cvc kodunu paylaşır, bu kod yalnız kartdan ödəniş edərkən lazım olur. Sonra da deyirlər ki, kartımdan filan qədər pul çəkdilər.
İnzibati yollarla kibercinayətlərin qarşısını almaq mümkün deyil, çünki internet dünyası sonsuzdur, dövlət orqanlarının bura əli çatmır, bunun üçün imkanlar da yoxdur. İnsanlar özləri məlumatlı, məsuliyyətli, diqqətli olmalıdırlar. Heç bir ölkədə kibercinayətlərin qarşısını almaq mümkün deyil. İnkişaf etmiş ölkələrdə belə hallara çox az rast gəlinir”.
Törə Zeynallı Demokrat.az


