Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən sabiq deputat Hüseyn Abdullayevin məhkəməsinin vaxtı açıqlanıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 15-ə təyin olunub.
Hüseyn Abdullayevin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Azər Tağıyevin icraata verilib.
Qeyd edək ki, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılıb və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fariz Məlikli Demokrat.az


