Sumqayıt şəhərində Elgiz pul borcu üstündə yaranan mübahisə zamanı tanışı Rövşənə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 8-ci mikrorayon 29/18 nömrəli binanın zizəmisində baş verib. Elgiz orada aralarında yaranmış şəxsi münasibətlər zəminində Rövşənin baş nahiyəsinə iki dəfə yumruqla zərbə vurub.
Hadisəni törədən Elgizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elgiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Rövşəni uzun müddətdir tanıyır, onunla qohumluq münasibəti, eləcə də düşmənçiliyi və ya ədavəti olmayıb: “Təxminən hadisədən 3 ay əvvəl Rövşənə 100 manat borc pul verdim. Rövşən isə həmin pulu 15 günə qaytaracağını bildirdi. Lakin aradan nə qədər müddət keçsə də, Rövşən borcunu qaytarmaq istəmədi. Mən dəfələrlə Rövşənə zəng etsəm də, sonuncu məni müxtəlif bəhanələrlə aldatdı”.
Elgiz qeyd edib ki, hadisə günü, saat 15 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 29/18 nömrəli binanın qarşısında olan zaman təsadüfən Rövşəni görüb: “Rövşəndən nə üçün borcunu qaytarmadığını sorudum. Rövşən hazırda işləmədiyini və buna görə də borcunu qaytara bilmədiyini dedi. Mən əsəbi olduğum üçün yaxınlıqda olan 29/18 nömrəli binanın zirzəmisinə getməyi, orada söhbət etməyi Rövşənə bildirdim. Rövşənlə birlikdə binanın zirzəmisinə düşdük. Binanın zirzəmisində bir daha Rövşənə nə üçün borcunu qaytarmadığını soruşdum. Rövşən mənə bəhanə uydurdu. Mən əsəbi halda Rövşənin başına iki dəfə yumruqla zərbə vurdum. Zərbənin təsirindən Rövşən yerə yıxıldı. Mən isə zirzəmidən çıxdım. Rövşənin ondan şikayət edəcəyini təxmin etdiyim üçün özü Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə yaxınlaşdım. Törətdiyim əməli etiraf etdim”.
İş üzrə zərərçəkmiş Rövşənin sözlərinə görə, tanışı Elgizdən 100 manat borca pul alıb: “Elgizə həmin pulu 15 günə qaytaracağıma söz verdim. Lakin, işləyə bilmədiyim üçün borcu qaytara bilmədim. Hadisə günü, saat 15 radələrində Sumqayıt şəhəri, 8-ci mkr-da 29/18 nömrəli binanın qarşısında olan zaman təsadüfən Elgizi gördüm. Elgiz məndən nə üçün borcu qaytarmadığımı soruşdu. Mən də hazırda işləmədiyimi, buna görə də borcu qaytara bilmədiyimi dedim. Elgiz mənə 29/18 nömrəli binanın zirzəmisinə gedərək orada söhbət etməyi təklif etdi. Mən də razılaşdım. Birlikdə həmin binanın zirzəmisinə düşdük. Binanın zirzəmisində Elgiz bir daha mənə nə üçün borcu qaytarmadığımı soruşdu. Mən də bir daha ona işi olan kimi borcumu qaytaracağımı bildirdim. Bundan sonra Elgiz üzərimə gələrək başıma iki dəfə yumuruqla zərbə vurdu. Mən zərbənin təsirindən yerə yıxıldım. Elgiz isə qaçaraq getdi. Bundan sonra Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gələrək döyülməyim barədə müraciət etdim”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Eıgizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


