Hadisə Özəl

"İnsanlar açıq, nasaz elektrik naqili gördükdə ona toxunmamalıdırlar" — AÇIQLAMA

İnsanlar açıq, nasaz elektrik naqili gördükdə ona toxunmamalıdırlar — AÇIQLAMA

Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb. Hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb. Hadisə zamanı Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı hazırda araşdırma aparılır.

Elektrik cərəyanı vurması nəticəsində ölüm hallarına vaxtaşırı rast gəlinir. Bu cür hadisələr gah təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, gah da yaşayış massivlərində, digər məkanlarda baş verir. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında acı nəticələrə gətirib çıxaran hadisələrin baş verməsində əsas səbəb kimi səhlənkarlıq və məsuliyyətsizliyi göstərdi:

İnsanlar açıq, nasaz elektrik naqili gördükdə ona toxunmamalıdırlar — AÇIQLAMA

“Müəssisə, idarə rəhbərləri təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına cavabdehdirlər. Məktəb binası daxilində təhlükəsizlik tədbirlərinə necə riayət edilirsə, məktəb həyətində, məktəbə yaxın ərazilərdə, yaxınlıqdakı binalarda da təhlükəsizliyə ciddi əməl edilməli, uşaqların həyatına hər hansı təhlükə yarada biləcək hallar olmamalıdır. Bunlar kompleks tədbirlər adlanır. Necə ki yanğından mühafizə tədbirləri gürülür, məktəblilərin qida təhlükəsizliyinə fikir verilir, eləcə də elektrik cərəyanı təhlükəsizliyi də üst səviyyədə təşkil edilməlidir. Nəzərə almaq lazımdır ki, uşaqlar hər şeylə maraqlanırlar, elektrik cərəyanı qutusuna əl uzada bilərlər. Ümumiyyətlə, məktəblərin, uşaq müəssisələrinin ərazisində elektrik naqilləri nasaz və açıq halda qalmamalıdır. Bəzən şahid oluruq ki, haradasa elektrik naqili qırılıb, amma açıq halda yerdə, yaxud da asılı halda qalıb. Bu, təkcə məktəblilərin deyil, hər kəsin həyatına real təhlükədir.

Yerli orqanlar bu cür hallarla cəld maraqlanıb qəzalı vəziyyəti aradan qaldırmalıdır. Texniki təhlükəsizlik tədbirlərinə ciddi əməl edilməlidir”.

Ekspert deyib ki, elektrik təsərrüfatına daxil olan təhlükəsizlik məsələsi daim ön planda olmalıdır:

“Elektrik təsərrüfatında həm yanğınlar, həm də elektrik vurması kimi hallar meydana çıxa bilir. Bu da insanların həyat və sağlamlığı üçün kifayət qədər təhlükə yaradır. Ona görə də elektrik təsərrüfatı olan fərdi yaşayış evlərində, təyinatlı obyektlərdə, açıq sahələrdə elektrik qurğularının saz vəziyyətdə olması vacibdir. Elektrik naqillərində hər hansı nasazlıq yaranarsa, problem vaxtında aradan qaldırılmalıdır ki, kiçik bir ehtiyatsızlıqdan bədbəxt hadisə baş verməsin. Elektrik naqilinin dirəkdə problemli olması, izolyasiya sisteminin pozulması orada qısaqapanma yaradır. Bu da qığılcımların yanma qabiliyyəti yüksək olan əraziyə düşərək yanğın törətməsinə səbəb ola bilər. Bunun üçün təhlükəsizlik qaydalarına həssas yanaşaraq ciddi əməl etməliyik. İnsanlar açıq, nasaz elektrik naqili gördükdə ona toxunmamalıdırlar. Bu sahədə uşaqları təlimatlandırmaq, onlara elektrik naqillərinə, cərəyan qutusuna əl vurmağın, qutunu açmağa çalışmağın bədbəxt hadisə ilə nəticələnəcəyini demək, başa salmaq lazımdır. Bu işdə həm valideynlər, həm də müəllimlər fəal olmalıdırlar. Şagirdlərə təhlükəsizlik qaydaları daim öyrədilməli, təlqin edilməlidir. Müəllimlər dərs saatı ərzində bir neçə dəqiqə bu təhlükəsizlik qaydalarına zaman ayırsalar, məncə, dərsin ümumi ab-havasına heç də ziyan olmaz. Əksinə, uşaqlar real təhlükələrdən xəbərdar olarlar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova