Bakının Sabunçu rayonunda 1988-ci il təvəllüdlü Etibar ailə münaqişəsi zəminində yaranan mübahisə zəminində həyat yoldaşı Kəmaləni döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Kariyer yolunda baş verib.
Etibar yaşadığı nömrəsiz fərdi evin qonaq otağında arvadı Kəmalənin ona qışqırması səbəbindən ailə-məişət zəminində aralarında yaranmış münaqişə zamanı şalvarının üzərində olan dəri kəməri çıxararaq qəsdən bədəninin müxtəlif nahiyələrinə, yumruqla isə üz və baş nahiyələrinə bir neçə dəfə vurub.
Hadisəni törədən Etibarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etibar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, hadisəni törədəndən sonra əməlindən peşman olub, daha sonra arvadından üzr istəyib, onunla barışıq əldə edib. İş üzrə zərərçəkmiş Kəmalə isə deyib ki, əri ilə barışıq əldə edib və bu səbəbdən onun barəsində heç bir şikayət və tələbi yoxdur.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Etibarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


