Gündəm Özəl

"Təhsilimizdə zamanla səsləşən ixtisaslar üstünlük təşkil etməlidir" — Yeni peşələr öyrədilir

Təhsilimizdə zamanla səsləşən ixtisaslar üstünlük təşkil etməlidir — Yeni peşələr öyrədilir

Ölkədə peşə təhsili inkişaf edir. Yeni tədris ilindən peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə qeyd edib ki, yeni ixtisaslara pilotsuz uçuş aparatlarının texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nass qurğuları maşinisti aiddir.

Peşə təhsilində tətbiq ediləcək yeniliklərlə bağlı Demokrat.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, yeni ixtisasların hamısı dövrlə səsləşən, tələbat yaranan ixtisas və peşələrdir:

“Biz hər zaman vurğulayırıq ki, təhsilimizdə zamanla səsləşən, yaşadığımız dövrün tələblərinə uyğun və gələcəyə hesablanan ixtisaslar üstünlük təşkil etməlidir. Zamanla ayaqlaşmaq, müasir dövrə uyğun peşəkarlar, mütəxəssislər yetişdirmək istəyiriksə, zamanın nəbzini tutmağı bacarmalıyıq. Peşə təhsilində açılan yeni ixtisasların hamısı müasir dövrdə tələbat olan ixtisaslardır. Pilotsuz uçuş aparatları hazırda dünyada ən çox tələbat olan vasitədir. Biz gördük ki, İran prezidentinin qəzaya uğramış helikopterinin yerini çətin dağ şəraitində qardaş Türkiyənin “Akıncı” PUA-sı təsbit etdi, bununla da dünyanı heyrətə saldı. Müasir zaman bizdən bunu tələb edir. Müasir dünyanın trendləri PUA-lar, insansız hava araçları (İHA), elektrik, hibrid avtomobillər, alternativ enerji qurğuları, “yaşıl enerji”dir. Belə olan halda bunlara texniki xidmət, təmir istismarının təşkili də vacib xarakter alır. Günəş panellərinin quraşdırıcısına hazırda yaşayış binasını layihələndirən memardan da, tikinti işlərini aparan inşaatçıdan daha çox tələbat var. Tibbi qurğular da belədir. Qurğunu alıb ölkəyə gətirmək onun təmirini, quraşdırılmasını icra etməkdən çox-çox asandır. Qurğunu fikirləşib kəşf edənlər, istehsal edənlər var. Amma bizə bu qurğularla işləyə biləcək, hər hansı nasazlıq yarandıqda onu aradan qaldıra biləcək ixtisaslı peşə ustası lazımdır. Ümumiyyətlə, elektro-mexanikaya həmişə tələbat olub, indi isə tələbat xüsusilə artıb. Çünki artıq nano-texnologiyalar, süni intellekt də bura qoşulub. Sevindiricidir ki, bizim peşə təhsili müəssisələrində müasir çasğırışlara cavab verən peşələr tədris olunacaq. Qida üzrə mütəxəssislər də vacibdir. Bu, xüsusən turizm sektoru və qida təhlükəsizliyi baxımından lazımlı peşələrdir. Peşə təhsilində ixtisasların artırılması ali məktəblərə daxil ola bilməyən gənclərimiz üçün əlavə imkanlar açır. Sizə deməliyəm ki, peşə təhsilini bitirənlər heç vaxt ali məktəb məzunlarından geri qalmır, bir çox hallarda daha tez və daha sərfəli iş taparaq gələcəklərini təmin edə bilirlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova