Ağstafa rayonunda 1998-ci il təvəllüdlü Xanlar sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan həmyerlisi Sevdaya (adlar şərti göstərilib – red.) təcavüz edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xanlar 14 fevral 2023-cü ildə, saat 12 radələrində yaşadığı Ağstafa rayonunun kəndindəki evində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Sevda ilə evlənmək məqsədi ilə onun razılığı əsasında təbii yolla cinsi əlaqədə olaraq onun qızlıq bəkarətinin tamlığını pozub.
Bundan sonra o, Sevdanın razılığı ilə könüllü şəkildə mütəmadi olaraq onunla təbii yolla cinsi əlaqədə olub.
Hadisəni törədən Xanların barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xanlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, valideynləri ilə birlikdə Ağstafa rayonunun kəndində yaşayır: “Zərərçəkmiş Sevda ilə bir müddət əvvəl tanış olmuşam. Sonra bir-birimizi sevmişik. 13 sentyabr 2022-ci ildə Sevda İlə Gəncə şəhərinə getdik. Gəncə şəhərinə çatanda evimizdən mənə zəng vuraraq geri qayıtmağımızı dedilər. Bunun üçün ikimiz də kəndə qayıtdıq. Həmin vaxtdan Sevda bizim evimizdə yaşadı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 14 fevral 2023-cü ildə, saat 12 radələrində evlərində heç kəsin olmadığı vaxt ilk dəfə olaraq Sevda ilə onun razılığı əsasında evlənmək məqsədi ilə təbii yolla cinsi əlaqədə olublar: “Nəticədə Sevdanın qızlıq bəkarəti pozuldu. Həmin vaxtdan sonra da Sevda ilə onun da razılığı əsasında təbii yolla mütəmadi cinsi əlaqədə olmuşam. Mənim valideynlərim Sevda ilə cinsi əlaqədə olmağımı sonradan biliblər. Mən Sevda ilə ilk dəfə cinsi əlaqədə olmamışdan əvvəl onun 16 yaşının tamam olmadığını bilmişəm. İlk dəfə atam mənim Sevda ilə evlənmək istədiyimi biləndə qızın 15 yaşının olmasını, evlənmək üçün icazə verilən yaşa çatdıqda bizi evləndirəcəyini bildirdi. Əməlimdən peşmanam. Hazırda Sevda ilə birlikdə xoşbəxt yaşayırıq. Bir uşağımız da var”.
İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, ailə üzvləri ilə birlikdə Ağstafa şəhərində yaşayıblar: “Xanlarla bir neçə il əvvəl tanış olmuşam. Sonradan aramızda sevgi münasibəti yarandı. Atam narkotik vasitələrin aludəçisi olduğu üçün azadlıqdan məhrum etmə növündə cəza çəkir. Mən növbəti dəfə Xanlarla danışarkən evimizdə artıq yaşaya bilmədiyimi dedim. Xanlardan məni qaçırmasını xahiş etdim”.
Zərərçəkmiş qeyd edib ki, 13 sentyabr 2022-ci ildə Ağstafa rayonunun kəndində, nənəsinin evində olarkən Xanlarla telefonla danışıb: “Xanlar evin yaxınlığına gələrək məni götürdü. Birlikdə Gəncə şəhərinə getdik. Lakin Gəncə şəhərinə çatanda Xanlarla zəng gəldi. Biz oradan geriyə - Xanların atasıgillə birlikdə yaşadığı evinə qayıtdıq. Həmin vaxtdankönüllü surətdə Xanlargilin evində qaldım. Öz evimizə qayıtmaq istəmədim”.
Zərərçəkmişin sözlərinə görə, 14 fevral 2023-cü ildə, saat 12 radələrində evdə heç kəs olmadığı vaxt öz razılığı əsasında ilk dəfə Xanlarla evlənmək məqsədi ilə təbii yolla cinsi əlaqədə olub: “Sonradan evdə öz razılığım ilə mütəmadi olaraq Xanlarla cinsi əlaqədə olmuşam. İlk əvvəllər Xanların valideynlərinin bu barədə məlumatı olmayıb. Sonradan məndə hamiləlik əlamətləri meydana çıxanda hadisədən xəbər tutdular. Mənim 16 yaşımın tamam olmadığını Xanlar əvvəldən - hələ cinsi əlaqədə olduğumuz vaxtdan qabaq bilib”.
Bu cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xanların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq olmaqla 1 il 6 ay şərti cəza təyin olunub.
Fariz Məlikli Demokrat.az


