Bakının Nəsimi rayonunda 1994-cü il təvəllüdlü İsmət Qədirov həmyaşıdı İlkin Qurbanovu bıçaqlayaraq öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İsmət işlədiyi “Nİ Studio” adlı bərbərxanada onunla birlikdə bərbər işləmiş İlkin ilə aralarında sonuncunun ətir satanların ünvanına nalayiq ifadələr işlətməsi, onun da ətir satmasına görə həmin nalayiq ifadələri öz ünvanına qəbul etməsi ilə əlaqədar aralarında mübahisə baş verib.
Bu zaman İsmət mübahisədən sonra İlkinin onun barəsində ortaq tanışlarının yanında nalayiq və qərəzli sözlər deməsini fikirləşib bunu bəhanə edib. O, 2022-ci ilin dekabrın 15-də, saat 13 radələrində bərbərxananın qarşısına gəlib və bərbərxananın bağlı olması səbəbindən, sonradan oraya gəlmiş həmin bərbərxanada bərbər işləyən Əfqan, həmçinin İlkinin Sahil adlı tanışı ilə birlikdə bir neçə dəqiqə gözləyiblər. İlkin gələrək onların hər biri ilə görüşüb və bərbərxananı açaraq içəri daxil olublar. Bu vaxt İsmət heç bir əsaslı səbəb olmadan İlkini öldürmək məqsədilə üzərində özü ilə gətirdiyi bıçaqla ona bir neçə dəfə zərbə vurub. İlkin aldığı zərbələrdən vəfat edib.
Hadisəni törədən İsmətin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmət ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, , 4 ildir bərbərlik fəaliyyəti ilə məşğuldur: “İlkini 2022-ci ilin may ayından tanımışam. Mən Nəsimi rayonu, A.Məhərrəmov 174 ünvanında yerləşən “Nİ Studio” adlı bərbərxanada bərbər işləmişəm. İlkin 2022-ci ilin mayından mənimlə birlikdə həmin bərbərxanada işləyib. Bizimlə birlikdə orada Vüsal adlı bərbər də işləyib. Həmin bərbərxana iki hissəli 1 otaqdan ibarətdir, pərdə ilə ayrılıb. Digər hissə mətbəx kimi istifadə olunur, orada ayaqyolu, əl-üzyuyan kran olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022- ci ilin may ayından oktyabr ayının ortalarına kimi onlar İlkinlə bilrikdə həmin bərbərxanada işləyiblər: “2022-ci ilin avqust ayından bərbərxanaya adını xatırlamadığım şəxs müxtəlif ətirlər verdi. Mən həmin ətirləri satdıqdan sonra özümə qalan 3-5 manat pulu götürüb, qalan pulu həmin şəxsə vermişəm. 2022-ci ilin sentyabrın təxminən 20-də İlkinin Elməddin adlı tanışı məndən 1 ədəd ətir götürdü, pulunu, yəni 15 manatı İlkinə verəcəyini dedi. İlkin pulu mənə verəcəyini dedi, mən də razılaşdım. Lakin İlkin pulu mənə vermədi”.
İsmət deyib ki, oktyabrın 1-də bərbərxananın elektrik verilişi borca görə bağlanıb: “Həmin gün səhər iş yerinə birinci mən gəldim. Həmin gün saat 12 radələrində İlkin gəldi, sonra Vüsal gəldi. Vüsal bizim ikimizdən də əvvəl həmin yerdə işləyib. Biz günorta radələrində bərbərxananın qapısının yanında dayanmışıq. Vüsal işığa təxminən 90 manat borcları olduğunu, yığışıb pulun bir hissəsini vermək lazım olduğunu bildirdi. Həmin vaxt mənim üzərimdə 23 manat olub. İlkinə dedim ki, onun tanışı Elməddinin götürdüyü ətrin pulundan heç olmasa 10 manat versin, İlkinin isə üzərində cəmi beş manat olduğunu bildirdi. Bundan sonra Vüsal mənə pul verməyimi dedi. Mən üzərimdə olan 23 manatın 20 manatını ətir satan şirkətin nümayəndəsinin bir azdan gələcəyini, ona verəcəyimi bildirdim. Bu zaman İlkin “ətir satanın da varyoxunu beləbelə” yəni, nalayiq söyüş söydü. Mən də ətir satdığım üçün İlkindən bu söyüşü kimə aid etməsini soruşdum. İlkin də mənə aid etmədiyini bildirdi, ətir gətirənləri nəzərdə tutduğunu dedi”.
İsmət qeyd edib ki, təxminən oktyabr aylarının ortalarında müştəri az gəldiyinə, iş zəif olduğuna görə həmin bərbərxanadan çıxıb və Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yer götürərək noyabr ayının əvvəllərinə kimi orada bərbərlikdə məşğul olub: “İş zəif getdiyi üçün oradan çıxdım. Bir müddət işsiz qaldım. Həmin müddətdə müştərilərlə əlaqə saxlamışam. Lakin müştərilərin mənimlə soyuq danışırmalarını hiss etmişəm. Bundan sonra fikirləşdim ki, həmin müştərilər İlkini də tanıdıqları üçün, yəqin ki, İlkin müştərilərin yanında haqqımda elə bir qərəzli nalayiq söz deyib ki, həmin müştərilər məndən qaçır, mənimlə soyuq danışmağa başlayıblar. Mənim ağlıma İlkinlə aramızda ətirlə bağlı söhbət gəldi. Çünki, mən ətir də satmışam. Həmin vaxt İlkin ətir satanlara söyüş söyüb. Təxminən noyabr ayının ortalarında bu məsələni aydınlaşdırmaq üçün İlkinin işlədiyi bərbərxanaya getdim. Həmin vaxt Vüsal, həmçinin İlkinin tanışı Elməddin də orada olublar. Mən İlkindən müştərilərin yanında, yaxud kiminsə yanında haqqımda nalayiq, qərəzli nəsə deyib-deməməsini soruşdum. İlkin də haqqımda pis heç nə demədiyini bildirdi. Mən haqqımda pis nəsə danışana nalayiq söyüş söydüm. İlkin də bunu təsdiqlədi, mənim haqqımda pis danışana söydü”.
İsmətin ifadəsinə görə, sonradan Nəsimi rayonu, 20 Yanvar küçəsində “Qızıl Tac” Şadlıq sarayı ilə üzbəüz yer götürüb və yenidən bərbərlik fəaliyyətinə başlayıb: “Yavaş-yavaş öz müştərilərimə xəbər etdim. Onlar da saç düzəltdirmək üçün gəldilər. Lakin müştərilərdən bəziləri, mənə yaxın olanlardan gəlmədikləri üçün ürəyimdə yenə şübhə yarandı ki, yəqin İlkin müştərilərin yanında arxamca danışıb. Lakin mənim üzümə bunu deyə bilməyib”.
İsmət qeyd edib ki, hadisədən əvvəlki gün, təxminən saat 21 radələrində onun telefonuna Rəhman adlı müştərisi zəng edib, İlkinin onun yanında olub-olmadığını soruşub: “Mən də İlkinlə artıq birlikdə işləmədiyimi bildirdim. Rəhman mənə sonuncu dəfə saçını İlkinə kəsdirdiyini dedi, onunla işi olduğunu bildirdi və nömrəsini istədi. Mən Rəhmandan İlkinlə nə işi olduğunu soruşdum. Rəhman işi olduğunu bir daha bildirdi. Sonra Rəhmandan saçını nə vaxt kəsdirməyə gələcəyini soruşdum, artıq bərbərxanamın yerinin dəyişilməyi haqqında dedim. Başımız söhbətə qarışdığından Rəhmana İlkinin nömrəsini vermək yadımdan çıxdı. Bu danışıqdan sonra İlkinin haqqımda konkret olaraq o vaxt söydüyü söyüşü qəbul etməyim kimi, haqqımda nalayiq sözlər yaydığı üçün müştərilərin məndən uzaqlaşdığı nəticəsinə gəldim. Həmin gecə İlkini öldürmək məqsədim yarandı. Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün, səhər saat 10 radələrində yuxudan oyanıb və səhər yeməyi yeyib, iş yerinə gedib: “Bir qədər işdə oturduqdan sonra İlkini öldürmək məqsədilə Şamaxinka tərəfdə xırdavat dükanına girdim. Oradan mətbəx bıçağı aldım. Bıçağı alanda evə lazım olduğu üçün aldığımı bildirdim. Bıçağı gödəkcəmin sol iç cibinə qoydum. Saat təxminən 12 radələrində İlkinin işlədiyi Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən bərbərxananın qarşısına getdim. Həmin vaxt bərbərxananın qapısı bağlı oldu. Orada işləyən Əfqan adlı bərbər İlkinin gələrək bərbərxananı açmasını gözlədi. Mən də Əfqana uşaqlarla görüşməyə gəldiyini dedim. Əfqan İlkinə zəng edərək nə vaxt gələcəyini soruşdu. İlkin 20 dəqiqəyə gələcəyini bildirdi. Bir qədər sonra Sahil adlı İlkinin tanışı gəldi. Bir neçə dəqiqə sonra isə İlkin gəldi. İlkin hamı ilə öpüşüb görüşdükdən sonra bərbərxananın qapısını açaraq içəri keçdik. İlkinin arxası ilə Sahil, Əfqan, tanımadığım cavan oğlan, sonra isə mən içəri girdim. İlkin uşaqlardan tam aralanması üçün o, çölə çıxıb yarım dəqiqə sonra yenidən içəri girdi. Saat təxminən birin yarısı olardı. Sahil sol tərəfdəki divanda oturmuşdu, digərləri isə otaqda olan pərdənin digər tərəfində olublar. Mən yaxınlaşıb pərdəni çəkdim, içəri girdi. Əfqanın saçını yuduğunu, ayaqyolunun qapısı bağlı olduğunu, İlkinin isə paltar şkafının qarşısında telefonda nəyəsə baxdığını gördüm. İlkinlə qarşı-qarşıya dayandıq. Aramızda 1 metr məsafə olardı. Mən ani olaraq gödəkcəmin sol iç cibindən dükandan aldığım mətbəx bıçağını çıxardım. Sonra İlkin tərəfə cəld bir addım ataraq onun ürək tərəfinə bıçaqla güclü zərbə vurdum. Mən bıçağın dərinə girdiyini hiss etdim. Mən zərbə vuran anda İlkin başını qaldırdı, mənə baxdı. Onun müqavimət göstərməyə imkanı olmayıb. Arxaya gedib divara söykənərək aşağıya yarımoturaq vəziyyətə düşdü, qışqırmağa başladı. Mən əyilib İlkinin bədəninə, ayağına harasına gəldi bıçaqla çoxsaylı zərbələr vurmağa davam etdim. Məqsədim İlkini öldürmək olub. İlkin tam yerə yıxıldıqdan sonra Sahil və Əfqan yaxınlaşaraq məni tutub bıçağı əlindən almağa çalışdım. İlkin isə yerdə uzanıqlı vəziyyətə olub. İlkini yenə də vurmaq istədim ki, ölsün. Lakin Sahil və Əfqan məni oradan araladı, bıçağı əlimdən almaq istəyərkən hətta ikisinin də əli kəsildi. Sahilə və Əfqana qəsdən xəsarət yetirməmişəm. Mənim məqsədim İlkini öldürmək olub. Bu tutaşma təxminən 3-5 dəqiqə çəkdi. Sonra Çevik Polis alayının 2 nəfər əməkdaşı gələrək məni sakitləşdirdi. Bıçağı kimsə əlimdən aldı və içəri qoydu. Bundan sonra polis əməkdaşları məni 19-cu Polis Şöbəsinə apardılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İsmət 16 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə), bu mümkün olmadıqda isə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilməsini, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edib.
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edilib. Hakimlər təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməsə də, onun cəzasını yüngülləşdirib. Onun barəsində təyin edilmiş 16 il müddətinə azadlıqdan məhrum etmə cəzası 15 ilə endirilib.
Fariz Məlikli Demokrat.az


