Bakının Xəzər rayonunda 1988-ci il təvəllüdlü Ələkbər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Rəşada xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ələkbər 8 aprel 2023-cü ildə, gecə saat 4 radələrində Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi Buzovna-Maştağa yolunun sağ hissəsində fəaliyyət göstərən “Eşqin” kafesində səslənən musiqini saxlatdırıb və istədiyi musiqinin səsləndirilməsini istəyib.
Bu zaman onu sakitləşdirməyə çalışan həmin kafeni icarədə işlədən Rəşada qarşı gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə sonuncunu kafenin dəhlizinə çıxarıb.
Ələkbər heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edib.
Rəşadın ünvanına nalayiq ifadələr işlədib və söyərək əlində olan pivə bakalını stola vuraraq sındırıb. O, bakalın sınıq hissəsini silah qismində istifadə edərək Rəşadın sifətinə, sağ qulağına, sağ qoluna qəsdən vurub.
Hadisəni törədən Ələkbərin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ələkbər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 7-də, saat 21:00-da Buzovna qəsəbəsi Albalılıq massivində “SOCAR” Yanacaq Doldurma Məntəqəsi ilə üzbəüz fəaliyyət göstərən “Eşqin” kafeyə tək gedib və yemək yeyib, 0,5 litr butuka araq və üstündən də 2 bakal pivə içərək istirahət edib: “Aprelin 8-də, saat 02:00-da kafe bağlandığına görə oradan çıxdım və özümə siqaret aldım. Saat 03:00-da yenə həmin kafeyə getdim. Kafedə yer olmadığına görə tanımadığım uşaqların əyləşdikləri stola yaxınlaşaraq onların yanında oturmağı mı xahiş etdim. Həmin uşaqların yanında olarkən pivə sifariş verdim. Bir qədər pivə içdikdən sonra kafedə oxunan musiqi xoşuma gəlmədiyi üçün musiqini dəyişməyi tələb etdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, buna görə orada mübahisə yaradaraq ünvansız söyüş söydüyündən, sonradan adı ona Rəşad kimi məlum olan və həmin kafedə işləyən şəxs ona yaxınlaşaraq dəhlizə çağırıb: “Dəhlizdə Rəşadla mübahisəm yarandı. Həmin vaxt əlimdə olan pivə bakalını stola vuraraq sındırdım. Bakalın sınmış qulp hissəsi ilə Rəşadın sifətinə, sağ qulağına, qoluna zərbə vurdum. Həmin vaxt orada işləyən Elvin əlimdən qırdığı pivə bakalının sınığını alaraq kafedən çölə çıxartdı. Bundan sonra evə getdim. Mən kafedə söyüş söydüyüm üçün mübahisə yaratdım və əlimdə olan pivə bakalının sınıq hissəsi ilə Rəşadı vuraraq ona xəsarət yetirdiyim üçün ilkin olaraq döyülməyim barədə 102 zəng xidmətinə məlumat verdim. Lakin məni heç kim döyməyib, xəsarət yetirməyib. Həmin vaxt əlimdəki pivə bakalını stola vuraraq sındırmışam, bakalın sınmış qulp hissəsi ilə Rəşadın sifətinə, sağ qulağına, qoluna zərbələr vurmuşam”.
Təqsirləndirilən şəxs deyib ki, ikinci Qarabağ (Vətən) Müharibəsinin iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçıs”ı medalları ilə təltif edilib.
İş üzrə zərərçəkmiş Rəşadın sözlərinə görə, Buzovna-Maştağa yolunun sağ hissəsində yerləşən “Eşqin” kafesini Elvinlə birlikdə icarədə işlədir, həmin kafedə iki xidmətçi Bilqeys və Gülqız adlı işçiləri var: “Aprelin 8-də, saat 3 radələrində kafedə oldum. Həmçinin kafedə müştərilər, xidmətçilər və şərikim Elvin olub. Əli adı ilə tanıdığım, sonradan adını Ələkbər bildiyim şəxs kafeyə gələrək özünü qazi kimi tanıtdı, kafedə oturan müştərilərin stoluna əyləşib pivə sifariş verərək pivə içdikdən sonra həmin şəxslərlə mübahisə etməyə başlayaraq kafenin içində nalayiq söyüşlər söydü. Ələkbərin yumruqla stola zərbə vurmağa başladığını gördüm və ona yaxınlaşaraq sakitləşdirmək istədim. Ələkbəri kafenin dəhlizinə çağırdım və Ələkbər əlində pivə bakalı ilə sərxoş halda dəhlizə çıxıb pivə bakalını stola vurdum. Həmin vaxt birlikdə dəhlizə Elvin də çıxdı. Nə qədər Ələkbərdən aralı dayandım, onu sakitləşdirməyə çalışsam da, həmin anda heç bir səbəb olmadan Ələkbər əlində olan pivə bakalının sınığı ilə əvvəlcə sifətimə, sonra isə sağ qulağıma və sağ çiynimə vuraraq xəsarət yetirdi. Səs-küyə kafenin dəhlizinə xidmətçilər Bilqeys, Gülqız, həmçinin tanımadığım müştərilər çıxdı, bizi ayırmağa çalışdılar. Mənim sir-sifətim qan içində olub. Köməkləşərək Ələkbərin əlindən şüşə sınığını aldıq, zibillərin içinə atdım. Məni kafedən çölə çıxardaraq evə yola saldılar. Mənim Ələkbəri vurmağa imkanım olmayıb. Nə də mən o fikirdə olmamışam. Ələkbərin məni vurmaması üçün zərbələrindən qaçmaq istəsəm də, Ələkbər əlindəki pivə bakalının sınığı ilə mənə xəsarət yetirib”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ələkbər 5 il 2 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


