“İranda islahatların aparılması zərurəti hər hansı bir fərdin iradəsinin deyil, bütövlükdə sistemin daxili və xarici siyasətdə böyük bir labirintin içində olmasının nəticəsidir. Qərblə İran arasında bağlanan və İranın nüvə enerjisi sahəsindəki fəaliyyətlərinə birgə nəzarəti nəzərdə tutan Bərcam anlaşmasına bu rejim sadiq qalmadı və nüvə zənginləşdirmə fəaliyyətlərini davam etdirdi. Bu isə Amerikanın anlaşmadan təktərəfli çəkilməsi və sanksiyaların daha da genişləndirilməsi ilə nəticələndi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Çingiz Göytürk deyib.
O qeyd edib ki, bu sanksiyalar ucbatından ötən illər ərzində daxildə sosial-iqtisadi problemlər zirvə həddinə çatdı və artıq rejim nümayəndələri də daxil olmaqla hər kəs həmfikirdir ki, radikal islahatlar aparılmadığı təqdirdə bu problemlərin həlli imkansızdır:
“Yeni və daha güclü etirazların başlaması qaçılmaz oldu. Xarici siyasətdə İranın tamamilə izolə edilməsi və mühafizəkar hakimiyyət nümayəndələrinin Qərblə danışıqlara başlamaq, sanksiyaları ortadan qaldırmaq cəhdləri nəticəsiz qaldı. Sadalananlarla yanaşı, qonşu ölkələrlə aparılan yanlış siyasət nəticəsində İran daxilində millətlər məsələsinin ön plana çıxması dövləti islahatlar aparmağa sövq edir. Bunun üçün də ən uyğun namizəd Məsud Pezeşkian idi. Lakin islahatların nə dərəcədə real olması sual altındadır, rejim 45 ildir ki, islahat kartını oynayır və hakimiyyətin bu məsələdə səmimi olmadığını göstərir.
İslahatlar ilk növbədə Qərblə münasibətləri normallaşdırmağı əhatə etməlidir, sanksiyalar aradan qaldırılmalıdır ki, daxili siyasətdə də bu öz nəticəsini versin. İran öz qonşuları ilə, eləcə də Azərbaycanla əlaqələrini də yaxşılaşdırmalıdır, başı divara dəyib və Azərbaycanın onun daxilindəki strateji dərinliyini sümüklərinə qədər hiss edib.
İranın ali dini rəhbəri Xamneyinin səhhəti getdikcə ağırlaşır, buna görə də ölkədə avtoritar boşluq yarana bilər. Bu boşluqda Pezeşkiana mühafizəkarlar tərəfindən çox ciddi maneələr törədilməsi də ehtimallar daxilindədir”.
Törə Zeynallı Demokrat.az


