Bakının Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Sevdar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlqara xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sevdar 12 iyul 2023-cü ildə, saat 10 radələrində “Oba” marketin qarşısında olan zamanı həmin marketin yaxınlığına gələn tanışı İlqar ilə görüşüb.
O, İlqarın bundan bir qədər əvvəl telefon vasitəsi ilə onu söyüb təhqir etməsinə dair iradı qəbul etməyərək onu heç bir əsas olmadan nalayıq sözlərlə söyüb.
Daha sonra mübahisəni davam etdirmək məqsədi ilə İlqarı idarə etdiyi avtomobili ilə Sabunçu rayonunun Ramana qəsəbəsi, 2-ci sahə kənd qüəbirstanlığının yaxınlığına gəliblər. Orada avtomobilindən düşərək üzərində gəzdirdiyi müəyyən olmayan kəsici-deşici alətlə İlqarın qarın nahiyyəsindən bir zərbə vurub.
Hadisəni törədən Sevdarın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, Bakı şəhərində daimi yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda kirayə yaşayır:
“Bakıda küçələrdən zibilliklərdən dəmir yığıb onları metal qəbulu məntəqələrinə təhvil verərək pul qazanıram. İlqarı təxminən hadisədən 3 ay əvvəl tanımışam. İlqar özü də dəmir yığıb metal qəbulu məntəqələrinə təhvil verir və pul qazanır.
Aramızda normal münasibətləri var, hərdən bir zarafatlaşırıq. Təxminən hadisədən 20 gün əvvəl İlqar məndən borca 200 manat məbləğində pul istədi. Həmin 200 manatı İlqara verdim. İlqar mənə həmin pulu 6-7 günə qaytarmağa söz verdi. Lakin İlqarın dediyi vaxtdan bir neçə gün keçəndən sonra pulu qaytarmadı. İlqardan pulunu istəyəndə hər dəfə vaxtı uzadırdı. Bunun üstündə İlqarla mübahisələrim oldu və İlqar sonuncu dəfə mənə dedi ki, pulu verən deyil”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 12-də, səhər saat 10 radələrində o bibisi oğlu 23 yaşlı Elmir və bibisinin əri, təxminən 50-60 yaşlı Pənahla birlikdə Sabunçu rayonu Dəmir yolu stansiyanın yaxınlığında yerləşən “Florensiya” şadlıq sarayının qarşısında olub:
“Bibim oğlu Elmirdə dəmir yığır və yığdığı dəmiri metal qəbulu məntəqələrinə təhvil verir. Elmir “Qazel” markalı nömrəsinin xatırlamadığım avtomobili idarə edir. Elmir özü dəmir yığıntısı ilə məşğul olduğuna görə avtomobilində mətbəx bıçağı saxlanılır. Həmin bıçağı Elmir öz işində istifadə edir, məftilləri kəsir, küçədə yemək yeyəndə çörəyi və digər ərzaqları doğrayır. Pənahda Elmirə dəmir yığmağa köməklik göstərir”.
Sevdarın sözlərinə görə, Elmirlə Pənah həmin vaxtı orada yerləşən “Oba” marketin qarşısına gediblər:
“Mən isə Elmirin “Qazel” markalı avtomobilində onları gözləyirdim. Həmin vaxtı İlqar zəng vuraraq harada olduğunu soruşdum. İlqara yerimi dedim. İlqar heç bir səbəb olmadan məni söydü. Dedi ki, indi gələrək şalvarıvı sənin başıva keçirdəcəm. Təxminən 5-10 dəqiqədən sonra İlqar marketin yaxınlığına idarə etdiyi “Qaz 31” markalı avtomobili ilə gəldi. Həmin vaxtı avtomobilin qabağ oturacağında qohumu, yəni əmisi qızının əri İldırım əyləşmişdi. İlqarın idarə etdiyi avtomobil İldırıma məxsusdur. Elmirlə Pənah marketdə olublar və İlqarı görmədilər. İlqar həmin vaxtı orada avtomobilini saxlayıb mənə yaxınlaşaraq yaxamdan tutdu. Dedi ki, mənə 200 manatı verməyəcək. Mən İlqarı itələyərək kənara çəkildim. İlqar avtomobilinə əyləşdi və mənə dedi ki, otur maşina, gedək söhbət» edək.
Mən başa düşdüm ki, İlqar məni dalaşmağa aparır. İlqar fiziki məndən güclü olduğuna görə özümü müdafiə etmək məqsədi ilə Elmirin avtomobilin salonundan bir ədəd mətbəx bıçağını götürdüm və İlqarın avtomobilinə əyləşdim. Maşından bıçağı götürəndə İlqar bunu görməyib. İldırım avtomobilin qabağ oturacağında əyləşdiyinə görə mən avtomobilin arxa oturacağına əyləşdim. İlqar həmin avtomobili ilə dəmir yığırdı, buna görə də avtomobilin oturacaqlarını çıxartmışdı. İlqar dedi ki avtomobilin arxaçında təkərin üstündə əyləş. Mən də arxada oturanda İlqar məni Ramana qəsəbəsi qəbirstanlığın yaxınlığına apardı. Qəbirstanlıqdan 300-400 metr aralı məsafədə yolun kənarında İlqar avtomobili saxladı və avtomobildən düşdü.
Ətrafda yaşayış evlər olmayıb və İlqar avtomobili boş sahədə saxladı. İldırımla İlqar bilmirdilər ki, mənim üzərimdə bıçaq var. Həmin vaxtı İlqar üstümə gəldi və məni vurmaq istəyəndə özümü müdafiə etmək üçün üzərimdə saxladığım mətbəx bıçağını sağ əlimə götürərək İlqarın qarın nahiyəsindən bir dəfə vurdum. Əlimdə bıçağı görən İldırım avtomobildən düşmədi. İlqarın qarnından qan gəldi və İlqar dərhal avtomobilinə əyləşərək avtomobili sürüb oradan uzaqlaşdı. İldırım da həmin avtomobildə qabaq oturacaqda əyləşmişdi. İlqar hara getdiyini bilmədim. Mən orada tək qaldım və Sabunçu dəmir yolu stansiyasının tərəfə qayıdanda yol üstü “2 aprel” küçəsində yerləşən zibil qutularını gördüm. Həmin İlqarı vurduğum bıçaq üzərimdə olub. Bıçağı zibilliyə atdım, özüm isə evimə qayıtdım. Səhəri günü məni Bakıxanov qəsəbəsində polis əməkdaşları yaxaladı və 12-ci polis şöbəsinə apardılar. Orada etdiyim cinayəti etiraf etdim”.
İş üzrə zərərçəkmiş İlqarın sözlərinə görə, küçələrdən, zibilliklərdən, dəmir yığıb onları metal qəbulu məntəqələrinə təhvil verərək pul qazanır:
“Sevdar özü də dəmir yığıb metal qəbulu məntəqələrinə təhvil verir və pul qazanır. Aramızda normal münasibətləri var, hərdən bir zarafatlaşırıq. İldırım adlı şəxsi 4-5 ildir ki, tanıyıram, İldırım özü Qəbələ rayonu sakinidir, Sabunçu rayonunu ərazisində kirayələrdə qalır, təxminən 40 yaşı var. İldırımda onunla birlikdə dəmir yığır. İldırım Sevdarıda tanıyır, aralarında normal münasibət var. Elmirlə, Pənah və Sevdarın qohumlarıdır, onlarda dəmir yığmaqla məşğul olurlar”.
Zərərçəkmiş qeyd edib ki, iyulun 12-də İldırımla dəmir yığmağa getməyə hazırlaşıblar:
“Mən Sabunçu rayonu Dəmir yolu stansiyasından Ramana qəsəbəsi istiqamətində avtomobili idarə etdim. “Florensiya” şadlıq sarayının qabağından keçəndə Elmirin “Qazel” markalı avtomobilinin orada dayandığını gördüm. Həmin vaxt İldırım Sevdara zəng vurdu və onun harada olduğunu soruşdu. Sevdar mənə məlum olmayan səbəbə görə əsəbləşərək İldırımın ünvana təhqiredici sözlər işlətdi. Bundan sonra Sevdara zəng vuraraq zarafatyana “bəs nə oldu, mənə dedin ki gedib dəmir yığacıq” dedim. Sevdar mənə də aqressiv şəkildə dedi ki, nə bilim - sonra danışarıq. Sevdar məni də söydüyünə görə əsəbləşdim və maşını geyirə istiqamətləndirdim. Şadlıq sarayının qarşısına getdik. Orada avtomobili Qazelin yanında saxladım və Sevdarı gördük. Sevdar maşının yanında tək olub.
Sonra Ramana qəsəbəsi istiqamətində getdi. Qəbiristanlığı keçəndə Sevdar avtomobilin arxa oturacağında hüşünü itirdi. Mən avtomobili saxladım və Sevdarın üzünə su tökdüm ki, ayılsın. Sevdarın üzünə suyu tökəndə qəflətən ayıldı və mənə təhqiredici sözlər deyərək kəmərindən çıxartdığı bıçaqla qarın nahiyyəmdən vurdu. Mən gözləmirdi ki, Sevdar məni bıçaqla vuracaq, çünki Sevdarla mübahisə etmirdi. İldırımda özünü itirərək kənarda dayandı. Həmin vaxtı İldırıma dedim ki, Sevdarın əlindən tut, məni bıçaqla vurmasın. Sevdar məni bıçaqla vuran kimi qaçaraq yolun o biri tərəfində dayandı. Mən Sevdara dedim ki, gəl məni xəstəxanaya apar, səndən şikayət etməyim. Sevdar isə mənə təhqir edici sözlər işlətdi. Sonra İldırım məni xəstəxanaya apardı”.
Zərərçəkmiş deyib ki, Sevdar yalan danışır, onun Sevdara 200 manat məbləğində borcu olmayıb.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sevdar 6 il azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


