İyunun 15-dən Azərbaycanda dəniz mövsümü başlayıb. İnsanların sərinləmək və əylənmək məqsədilə getdikləri çimərliklər çox zaman onların ölüm yerinə çevrilir.
Bəs dənizdə boğulma hallarının qarşısı alınması üçün hansı təhlükəsizlik tədbirləri görülür?
Məsələylə bağlı FHN-İN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili Demokrat.az-a açıqlamasında bildirib ki, cari ilin aprel ayından etibarən yerli icma nümayəndələrinin iştirakı ilə sahil boyu ərazilərdə monitorinqlər keçirilib:

“Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulardan Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülüb. Beləki, cari ilin aprel ayından etibarən yerli icma nümayəndələrinin iştirakı ilə sahil boyu ərazilərdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli ərazilərin müəyyən edilməsi eyni zamanda çimərlik operatorlarlarına, çimərlik sahibkarlarına təhlükəsizlik qaydaları barəsində təqdimatlar təqdim edilmişdir. Bundan əlavə xidmətin nəzarət etdiyi çimərliklərdə və ictamai birliklərin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinə aparılmış, sualtı təmizləmə işləri aparılmışdır. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmışdır. Hansı ki, bu nişanlar vətəndaşlara bu nişana qədər üzmə mesajını verir. Xidmətin nəzarət etdiyi çimərliklərdə və idea ictimai birliklərin təşəbbüsü ilə yaradılmış çimərliklərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün məlumat verici löhvələr quraşdırılmışdır. Ölkəmizə təşrif buyuran turistləri nəzərə alaraq həmin bu məlumat löhvələri ingilis və Azərbaycan dilində çap olunmuşdur. Xidmət iyun ayının 15-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu təhlükəsizlik tədbirlərinin uğurlu nəticəsidir ki, iyun ayının 15-dən indiyə kimi 27 sudaboğulma təhlükəsilə üzləşən şəxs xilas olunub. Suda boğulma hadisələrin baş verdiyi ərazilərə nəzər salsaq bu nəzarətsiz və qeyri- çimərlik ərazilərdə baş verdiyini görərik”.
Aytac Fuadqızı Demokrat.az


