Sumqayıt şəhərində 1983-cü il təvəllüdlü Habil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Şamilə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində baş verib. Habil həmin ərazidə tanışı Şamil ilə aralarında şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı onu döyüb.
Hadisəni törədən Habilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Habil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şamili 10 ildir tanıyır: “Biz qonşuyuq, normal münasibətlərimiz var. Hadisə günü işdən gələn zaman yolda Şamil ilə rastlaşdım. Bu zaman Şamilin mənə salam verməsini eşitmədiyim üçün salamını almadım. Bu zaman Şamil mənə a yaxınlaşaraq salamın Allah salamı olmasını, nə üçün salamını almadığını və özümü yekə aparmağımı bildirdi. Mən kimə salam verməyimi özüm bildiyimi, bunun ona aidiyyəti olmadığını dedim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Şamil onun çətin adam olduğunu dediyi üçün əsəbləşib: “Şamilin yaxasından tutaraq özünü adam kimi aparmasını bildirdim. Yumruqla onun sifətinə və baş nahiyyəsinə vurdum”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Habilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


