Kriminal Özəl

Sevgilisinə bayram sovqatı apardı, arvadını öldürməklə hədələdi — TƏFƏRRÜAT

Sevgilisinə bayram sovqatı apardı, arvadını öldürməklə hədələdi — TƏFƏRRÜAT

Bakının Xətai rayonunda 1982-ci il təvəllüdlü Rahib ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Əbilov küçəsində evlərdən birində baş verib. Rahib evdə aralarında ailə məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı boşanmaq ərəfəsində olan arvadı Nuranəni qəsdən əl-ayaq zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurub.

Hadisəni törədən Rahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nuranə ilə 2009-cu il tarixdən rəsmi olaraq nikah bağlayaraq ailə qurublar və dörd azyaşlı uşaqları var:

“Nuranə ilə əvvəllər mehriban yaşasaq da, son zamanlar tanış olduğum Ləman adlı xanım ucbatından aramızda qısqanclıq zəminində mübahisələrimiz olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, saat 15 radələrində yaşadıqları evdə Nuranəyə hazırladığı bayram sovqatlarından münasibəti olduğu Ləman adlı xanıma aparmaq istədiyini bildirib: “Nuranə buna etiraz etdiyi üçün əsəbləşdim. Yumruq və təpik ilə onun baş, bədəninin müxtəlif yerlərindən vuraraq döydüm. Daha sonra əməlimdən peşman oldum. Bir daha belə hallara yol verməyəcəm”.

İş üzrə zərərçəkmiş Nuranənin sözlərinə görə, əvvəllər Rahib ilə mehriban olublar , lakin son vaxtlar Rahibin tanış olduğu Ləman adlı qadın ucbatından ailələrində münaqişələr başlayıb: “Rahib mənə dedi ki, sən Ləmanın dırnağı belə ola bilməzsən, mənə qarşı nalayiq ifadələr işlətdi. Sonuncu dəfə hadisə günü, saat 15 radələrində yaşadığımız evdə Rahib həmin Ləman adlı qadına bişirdiyim bayram sovqatlarından aparacağını bildirdi. Buna etiraz etdiyim üçün münaqişə yarandı. Rahib əl və ayaq zərbələri ilə baş, bədənimin müxtəlif yerlərindən vuraraq döydü. Bundan sonra məni o vəziyyətdə qoyaraq bayram sovqatı götürdü, Ləmanın yanına getdi. Daha sonra polisə şikayət etdim.

Məhkəmə təyin edildikdən sonra Rahib yaşadığım bacımgilə gələrək məni ölümlə hədələdi. Əvvəllər də dəfələrcə döyülmüşəm. Buna baxmayaraq uşaqlara görə onu bağışlamışam. Ləman adlı qadına görə döyüldüyümü artıq ona bağışlamayacam”.

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rahib 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova