COP29 sədrliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə danışıqlar aparıb. COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında bildirilir ki, BMT-nin himayəsi altında keçirilən Bonn İqlim Konfransı çərçivəsində COP29-un sədrliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) birgə sessiya keçirib:
“Burada Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində fermerlər və kənd icmaları arasında əməkdaşlıq mövzusu müzakirə edilib", - paylaşımda qeyd edilib.
İqlim dəyişikliyinin səbəb olduğu qlobal problemlərdən biri də ərzaq çatışmazlığıdır.
Azərbaycan da bəzi kənd təsərrüfatı məhsullarına daxili tələbin ödənməsində idxaldan asılıdır. Ölkədə əkinə yararlı torpaqların sıradan çıxması, su çatışmazlığı kənd təsərrüfatında məhsuldarlığı aşağı salır.
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, COP29 iqlim dəyişikiyi ilə mübarizə aparan və bunun kənd təsərrüfatında səbəb olduğu zərərlərin azaldılması üçün bir müzakirə platformasıdır:
“Lakin COP29-un birbaşa məqsədi kənd təsərrüfatında mövcud problemlərin aradan qaldırılması və fermerlərə yardım deyil. Onun başlıca məqsədi dünyanın aparıcı ölkələrinin iqlim dəyişikliyinə qarşı koordinasiyalı mübarizəsini təşkil etməkdir. İqlim dəyişikliyindən də ən çox zərər çəkən sahə kənd təsərrüfatıdır. Fermerlərə də bu təsirsiz ötüşmür, təbii ki. COP29 həm də insanların təbiətdən səmərəsiz istifadəsinin nəticələrini, təbiətə dəyən ziyanı diqqətə çatdırır”.
Ekspertin sözlərinə görə, Azərbaycan ən çox su qıtlığından əziyyət çəkir:
“Ölkədə ətin bahalaşmasından danışanda səbəblərdən biri kimi otlaq sahələrinin azalmasını əsas gətiririk. Bunun da bir neçə səbəbi var. Əkinçiliyə üstünlük veriləndə otlaq sahələri azalmağa başlayır, ikinci səbəbsə şoranlaşmadır. Cənubi Qafqazda su ilə ən az təmin olunmuş ölkəyik. Bölgənin su ehtiyatlarının 90 faizi Gürcüstan və Ermənistanın payına düşür. Qalan 10 faizdən də biz çox səmərəsiz istifadə edirik. Əkinçilik məqsədilə istifadə olunan suyun 50-60 faizi itkiyə gedir. İnkişaf etmiş ölkələrdə isə bu, 10-15 faizdir. Sudan səmərəsiz istifadə həm də torpaqların şoranlaşmasına, məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Azərbaycanın öz kənd təsərrüfatına faydası suvarma işinin, meliorasiyanın, kanalizasiya sisteminin təkmilləşdirilməsi ola bilər.
Düşünürəm ki, bu problem müəyyən qədər həllini tapsa, fermerlərin işi də asanlaşacaq, onların su təminatı yaxşılaşacaq, xərcləri azalacaq. Dövlət büdcəsindən fermerlərə dəstək göstərilir, subsidiyalar ayrılır, müxtəlif güzəştlər edilir. Ancaq qeyd etdiyim fundamental məsələlər öz həllini tapmadıqca köklü dəyişikliklərdən söhbət gedə bilməz. COP29-un bu məsələlərin həllində müsbət təsiri ola bilər, lakin hər bir dövlət özü bu kimi problemlərinin həllinə çalışmalıdır”.
Törə Zeynallı Demokrat.az


