İstanbulun Küçükçekmece rayonunda səhər saatlarında çölərək 1 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən 3 mərtəbəli binanın sahibi və birinci mərtəbədəki dönərxananın yiyəsi saxlanılıblar.
Onların polis bölməsinə aparıldıqları bildirilib.
Həbslərin faciə ilə bağlı başladılan istintaq çərçivəsində həyata keçirildiyi qeyd olunub.
Qeyri-rəsmi məlumatlara görə, çökməyə səbəb məhz dönərxananın fəaliyyətinin yaşayış binasının təhlükəsizliyi normalarına uyğunsuzluğu səbəb olub. Bina sahibinin obyektdəki vəziyyətdən xəbərdar olub-olmadığı araşdırılır.
13:20
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altında qalan son bir nəfər də yaralı olaraq çıxarılıb. Binada olan bütün vətəndaşların çıxarılması ilə axtarış-xilasetmə işləri başa çatdırılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun Küçükçükmece rayonunda yerləşən üçmərtəbəli yaşayış binası çöküb. Binanın birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzillər olub. Bina 1988-ci ildə inşa edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
12:30
İstanbulun Küçükçekmece rayonunda çökən binanın dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.
Çökmənin səbəbi hələ ki məlum deyil.
Hazırda axtarış-xilasetmə işləri davam edir.
11:32
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində üçmərtəbəli bina çöküb.
“Report” TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyinin mətbuat xidməti məlumat yayıb.
Telekanalın məlumatına görə, indiyədək dağıntılar altından iki yaralı xilas edilib.
Hadisə yerində yanğınsöndürmə briqadaları və təcili yardım qrupları işləyir.
Dağıntılar altında qalanların olduğu bildirilir.
Axtarış-xilasetmə işləri davam edir.


