Abşeron rayonunda 1981-ci il təvəllüdlü Vüqar tanışı Rəhimə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 iyul 2023-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsində baş verib. Vüqar tanışı Rəhim ondan iki gün müddətinə qaytarmaq şərti ilə aldığı 100 manat pulu geri qaytarmaması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu cəzalandırmaq üçün qisas niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla vurub.
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Rəhim onun uşaqlıqdan tanıdığı qəsəbə sakinidir: “Rəhim 2-5 günə qaytaracağını bildirərək məndən 100 manat borc aldı. 17 gün keçməsinə baxmayaraq borcunu qaytarmadı. 3-4 dəfə Rəhimlə görüşdük. Sonuncu dəfə görüşdüyümüzdə pulumun olmaması və mənə olan borcunu qaytarmaması ucbatından aramızda mübahisə yarandı. Daha sonra tikintidən bıçağı götürərək Rəhimə zərər yetirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Rəhimə hansı nahiyəsindən zərər yetirdiyini bilməyib və ona bir yerdən xəsarət yetirib: “Rəhim mənimlə barışıb. Amma şəxsən onun özünü görməmişəm. Anam, qardaşım və əmim oğlu Rəhimlə danışaraq barışmışıq. Rəhimi uşaqlıqdan tanıyıram. Onunla ailəvi tanış olmuşuq. Borcu 5-6 dəfə Rəhimdən istəmişəm. Rəhim isə bu gün sabah dəyərək başımı qatıb. Borc verdiyim pul 2 telefonun kredit pulu olub, fəhləlik edərək krediti ödəmişəm. Axırıncı gün guya borcu ödəmək məqsədi ilə görüşmüşük. Aramızda başqa vaxt mübahisə olmayıb. Hadisə günü Rəhim zəng edərək filan yerdə gözləməyi bildirdim. Bir müddət gözlədikdən sonra gəlmədiyini gördüm və Rəhimə zəng etdim. Həmin müddət ərzində Rəhim 3 dəfə yerini dəyişdi. Rəhim məhlədə olduğunu bildirdi. Mən isə düşündüm ki, Rəhim tikintidə məni axtarır. İşlədiyim tikinti yerinə daxil olarkən orada olan bıçaq gözümə sataşdı. Bıçağı götürərərk öz cibimə qoyaraq M.F.Axundov küçəsinə getdimş. Orada Rəhimi gözlədim. Rəhim mağazadan çıxaraq yanıma gəldi. Biz biraz söhbət etdik. Rəhimdən pulumu tələb etdikdə aramızda mübahisə yarandı. Rəhim qaçmaq istəyərkən bıçağı çıxararaq ona xəsarət yetirdim. Bütün xəstəxana xərclərini çəkdim. Rəhimə təxminən 5500 manat ödəmişəm”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 3 il 5 ay 29 gün azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


