Əhalinin ən çox ehtiyac duyduğu ərzaqlardan biri də undur. Mağazalarda üzərinə "əla növ" yazılan müxtəlif un markaları satılır. Maraqlıdır, görəsən, bu unların tərkibi həqiqətən də əladırmı?
Məsələ ilə bağlı qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, ölkədə tələb daha çox əla növ ununadır:

“Əla növ un ona görə deyilir ki, burada həm kəpək, həm rüşeym ayrılır, yalnız ağ qismi qalır. Həmin əldə olunan undan zavod çörəyi hazırlanır. Həqiqətən də sağlam undan danışırıqsa, təbii ki, onun tərkibində kəpək və rüşeym olmalıdır. Belə unun insan orqanizmə daha çox faydası var. Həmçinin vitaminlərlə çox zəngin olur. Amma indi insanların çoxu əla una üstünlük verir. Bura müxtəlif şirniyyatlar da aiddir. Yəni, bu məsələdə çörəyin üstündə köklənmək də olmaz. İnsanların özləri də buna daha çox meyillidir. Ona görə də təbii ki, tələbat nədirsə, o da daha çox satılacaq. Çünki burada maraq həm də pul qazanmaqdır. Tutaq ki, bir müəssisə açılanda baxılılır ki, qara undan hazırlanmış çörəyə tələbat azdır. Ona görə də üstünlük verilir ağ undan hazırlanan çörəyə. Yəni, insanlar əgər sağlam qidalanmaq istəyirsə, o zaman tam buğda unundan hazırlanmış çörəkləri yeməlidir. Amma o çörəyi də çox yemək olmur. Çünki qida dəyəri azdır. Yesən belə tez acırsan. Avropada ağır çəkili çörəklər satılır. Çünki tərkibində rüşeym qalır. Ona görə də biz deyirik ki, avropalılar çörəyi az, biz isə çox yeyirik. Əslində bu belə deyil. Çörəyin qida dəyəri yüksək olduğuna görə onlar bir dilim yeyib doyurlar. Sağlam qidalanma ilə bağlı maarifləndirici işlər aparılmalıdır”.
Törə Zeynallı Demokrat.az


