Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Mehdi şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı xalası Mahirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü ad gününə gedib, orada spirtli içki qəbul edib: “Hadisə baş verən zaman içkili olmuşam. Özümdə olmamışam, xalamı vurmuşam. Hazırda onunla barışmışam, əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Mahirənin sözlərinə görə, hadisə günü Mehdi ad gününə gedib, gecə evə qayıdıb: “Həmin vaxt Mehdi içkili olub. Mənimlə mübahisə edən zaman ağzımdan vurdu və qan gəldi. Mən qorxduğumdan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etdim. Hazırda onunla barışmışam. Ona qarşı şikayətim yoxdur”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Mehdinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


