Gündəm Özəl

“Bundan sonra əsas vəzifəmiz Şuşanın inkişafı üçün çalışmaqdır” — Tanınmış jurnalistin TƏƏSSÜRATLARI

“Bundan sonra əsas vəzifəmiz Şuşanın inkişafı üçün çalışmaqdır” — Tanınmış jurnalistin TƏƏSSÜRATLARI

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” davam edir. Nəhayət, Şuşaya da gözlənilən köç baş tutdu. İlkin mərhələdə şəhərə 20 ailə olmaqla 88 nəfər köçürüldü. 23 binadan ibarət yaşayış kompleksində məskunlaşan sakinlərə ölkə başçısının iştirakı ilə mənzillərin açarları təqdim olundu. İkinci mərhələdə isə 38 ailə olmaqla 136 nəfər doğma yurduna qayıtdı. Bu gün Şuşada ümumilikdə 224 nəfər məskunlaşıb.

“Bundan sonra əsas vəzifəmiz Şuşanın inkişafı üçün çalışmaqdır” — Tanınmış jurnalistin TƏƏSSÜRATLARI

Şuşaya köç tarixi hadisədir. Sakinlərlə görüşən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi 32 ildən sonra Şuşanın tarixində yeni mərhələ başlayır. Qarabağın tacı olan Şuşa gündən-günə dirçəlir, şəhərdə geniş quruculuq işləri gedir. Tarixi hadisə münasibətilə bütün şuşalıları təbrik edən Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı: “Bir dəfə Şuşa haqqında mənə sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”, - ölkə başçısı əlavə etdi.

Şuşaya köç edən tanınmış jurnalist Kərim Kərimli Demokrat.az-a öz təəssüratlarını bölüşüb:

“Bundan sonra əsas vəzifəmiz Şuşanın inkişafı üçün çalışmaqdır” — Tanınmış jurnalistin TƏƏSSÜRATLARI

“Neçə müddətdir Şuşaya köçməyə çalışırdım, can atırdım. Ailəmizin Şuşaya köçürülən ilk 20 ailə arasında olması bizi çox sevindirdi, nəhayət arzumuz həyata keçdi və biz Şuşaya köçdük. 8 may 1992-ci ildə Şuşa işğal olunanda oranı tərk etməli oldum, Bakıya gəldim. Bundan 6 il sonra – 1998-ci ildə yenidən Şuşaya getdim, bu dəfə jurnalist kimi beynəlxalq layihə çərçivəsində. Bir neçə saat şəhərdə qalmaq imkanım oldu. Ona görə də hesab edirəm ki, Şuşa iki dəfə işğal olunub, 1992-ci və 1998-ci illərdə. 29 avqust 2021-ci ildə Şuşada Vaqif Poeziya Günləri keçirildi. Həmin vaxt Azərbaycan Yazıçılar Birliyinin nümayəndə heyətinin tərkibində işğaldan azad olunandan sonra ilk dəfə Şuşaya getdim. Artıq bundan sonra mütəmadi olaraq Şuşaya gedib-gəlirdim. Nəhayət, bu ilin mayında birdəfəlik Şuşaya köçdüm. Şuşaya köçən ailələr arasında şəhid, qazi ailələri də var. Mənzillərin açarlarının təqdim olunması mərasimində mən də çıxış etdim. Prezident İlham Əliyevə təşəkkürümü bildirdim. Şuşa uğrunda canından keçmiş bacı və qardaşlarımızın xatirəsini yad etdim. Bundan sonra bizim əsas vəzifəmiz Şuşanın azadlığı uğrunda canından keçmiş insanlarımızın qəhrəmanlığına sadiq olaraq Şuşanın inkişafı üçün çalışmaqdır. Ümid edirəm ki, Şuşanın dünya şəhərləri səviyyəsində inkişaf etməsi üçün öz töhfələrimizi verəcəyik.

Şuşa həmin Şuşadır, torpağı həmin torpaqdır, suyu həmin sudur. Səhər günəş doğmağa başlayanda ətrafı bürüyən yasəmən qoxusu da elə həminkidir. Çox xoşbəxtəm ki, öz yurduma qayıtmışam. Yeni inşa edilən mənzildə məskunlaşmışıq. Köhnə evlərimizi düşmən dağıdıb. Amma Şuşanın harasında yaşamağın elə bir fərqi yoxdur, çünki hər qarışı bizə doğmadır, əzizdir. Şuşanın hər yeri gözəldir, müqəddəsdir”.

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda yayımlanır.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova