Gündəm Özəl

"Beynəlxalq yükdaşımalarda Azərbaycanın iştirakı genişlənir"

Beynəlxalq yükdaşımalarda Azərbaycanın iştirakı genişlənir

Azərbaycan dənizlə yüklərin daşınması haqqında beynəlxalq Konvensiyaya qoşula bilər. Bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb. İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, Azərbaycanın dənizlə yüklərinin daşınması haqqında beynəlxalq Konvensiyaya qoşulmaq istəyi təbiidir. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın dənizə çıxışı olmasa da beynəlxalq yük daşımalarda nəqliyyat dəhlizi rolunda çıxış etmək potensialı var:

“Azərbaycan Xəzər dənizində yüklərin daşınmasında mühüm mövqeyə malikdir. Coğrafi baxımdan elə bir regionda yerləşirik ki, şimal-cənub, şərq-qərb istiqamətlərində quru, hava, dəniz vasitəsi ilə yüklərin daşınmasında dəhliz rolunda çıxış edə bilərik. Zamanla bu imkanlarımız daha da genişlənir. Misal üçün, cənub və şimal istiqamətində Azərbaycan üzərindən yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda Ələtdə Beynəlxalq Dəniz Limanının fəaliyyəti getdikcə genişlənir. Bunun nəticəsində də Çin və Avropaya daşınan yüklərin həcmi artır. Yəni, bunlar açıq dənizə çıxış imkanlarının olmamasına baxmayaraq ölkəmizin dənizlər vasitəsilə yükdaşımalarda iştirakı üçün böyük şanslar yaradır. Buna görə bizim sözügedən konvensiyaya qoşulmaq istəyimiz başadüşüləndir. Amma həmin Beynəlxalq Konvensiyanın imkanları araşdırılmalıdır. Bilməliyik ki, bu Beynəlxalq Konvensiya bizə nə vəd edir? Bu cür Konvensiyalara qoşulmaq ümumilikdə yaxşı haldır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova